"Əvvəlcə ali dəyəri qorumalıyıq, sonra digər dəyərləri" Hadisə

"Əvvəlcə ali dəyəri qorumalıyıq, sonra digər dəyərləri"

Distant təhsil təhsilin yeni pilləsidir. Bir çox qabaqcıl ölkə və universitetlərdə bu çoxdan tətbiq olunub. Düşünürəm ki, gələcəkdə distant təhsil bizim klassik universitetləri xeyli dəyişdirəcək.
Bu sözləri “Gündəlik Teleqraf”a açıqlamasında təhsil məsələləri üzrə ekspert Şahlar Əsgərov deyib:
"Koronavirus qorxulu olduğu qədər bizə yaxşı vərdişləri də mənimsətdi. Bunlardan biri də distant təhsildir. Ən azından hamımızı informasiya kommunikasiya texnologiyalarına qoşur. Bir daha vurğulamaq istəyirəm ki, distant təhsil təhsilin vacib formasıdır".
Millət vəkili Etibar Əliyevin hər sahə üzrə bir ali məktəbin tədqiqat universitetinə çevrilməsinə münasibət bildirən təhil eksperti ölkəmizin iri həcmli tədqiqat universitetlərinin yaradılmasına hazır olmadığını vurğulayıb:
"Tədqiqat universitetinə çevirmək üçün Elmlər Akademiyası yavaş-yavaş universitetlərdə, Təhsil Nazirliyinin tərkibində əriməlidir. Bizdə tədqiqat üçün Elmlər Akadmiyası adlandırdığımız elmi mərkəz var. Universitetlərin bəziləri elmi iş aparmaqla yanaşı, həm təhsillə məşğul olacaq, həm də tədqiqat universitetinə çevriləcək. Ona görə Rusiyada Elmlər Akademiyasının bir qurum olaraq əvvəlki statusu əlindən alındı. Orada 30-a yaxın tədqiqat universiteti yaradıldı".
Şahlar Əsgərov xüsusi karantin rejiminin ləğvindən sonra təhsilin davam etməsi məsələsinə də toxunub: "Təshilin davam etməsi təhlükəli iş deyil, təhlükəli olan koronavirusdur. Koronavirus insanın canını əlindən alırsa, məktəbə getməmək təhsildən uzaqlaşdırır. Can daha ali dəyərdir, nəinki təhsil. Əvvəlcə ali dəyəri qorumalıyıq, sonra digər dəyərləri.
Biz əvvəlcədən hadisələrin necə olduğu barədə məlumat verə bilmərik. Bu, təkcə dövlətdən yox, hamımızdan asılıdır. Əgər vətəndaşlar dövlətin qoyduğu karantin tələblərinə əməl etsələr, bu vəziyyət tez başa çata bilər".