“Təhlükəli olan virusun varlığı deyil, insanların məsuliyyətsizliyidir” Hadisə

“Təhlükəli olan virusun varlığı deyil, insanların məsuliyyətsizliyidir”

Bunu “Xalq Cəbhəsi”qəzetinə açıqlamasında psixoterapevt, tibbi jurnalist Ramil Nəcəfli hökumətin karantin rejiminin yumşaldılmasından sui-istifadə edən vətəndaşlarımızın məsuliyyətsizliyinə münasibətində deyib.
Onun fikirncə, koronavirusdan qorunma qaydalarına riayətin edilməməsi olduqca təhlükəlidir: “Biz lazım olan prosesə etiraz etmirik, vətəndaş mövqeyi sərgiləmirik, amma konkret pandemiya ilə bağlı təhlükəli məsələlərdə laqeyidlik nümayiş etdiririk, vacib tövsiyələri yerinə yetirmirik. Təfəkkürümüzdə belə vacib məsələlərə laqeydsizlik var. Əlbəttə ki, bu vətəndaşlarımıza ciddi fəsadlar yarada bilər. Hökumətin koronavirusa qarşı görülən tədbirlərə etinazsız yanaşmaq düzgün deyil. İctimai nəqliyyatda vətəndaşlarımızın əksəriyyəti tibbi qoruyucu vasitələrdən istifadə etmirlər, görüntü xatirinə əllərində saxlayırlar, ağızlarını örtürlər, çox hallarda isə ciblərinə qoyurlar. Bununla da virusdan qorxmadıqlarını nümayiş etdirirlər. Əslində bu belə deyil, bu hal məsuliyyətsizlik, laqeydlikdir”.
R.Nəcəfli onu da bildirib ki, vətəndaşlarımız başa düşmək istəmirlər ki, koronavirus mövcuddur, dünyanı təhlükə ilə üz-üzə qoyan bir pandemiya ilə mübarizə aparırırq: “İki qrup insan vardı – karantin müddətində virusun varlığını həddən artıq çox şişirdənlər, təhlükəni bir az da böyüdənlər, bir də ümumiyyətlə virusun varlığını inkar edənlər. Hər ikisi təhlükəli yanaşma idi. Məsələyə harmonik yanaşmaq, balansı qorumaq lazım idi. Bu gün virusu inkar edənlərin balansı çoxalıb. Bu karantin müddətində o qədər də özünü biruzə vermirdi. Amma karantin rejimi yumşaldıqdan sonra məsuliyyətsizlik virusun inkarını genişləndirib. Bu hökumətin koronavirusla mübarizəyə dair həyata keçirdiyi ciddi tədbirlərə laqeydsizlik nümayiş etdirmək deməkdir. Bu məsuliyyətsizlik mütləq böyük fəsadlarla nəticələnə bilər”.
Psizoloq vurğulayıb ki, COVİD – 19-a qarşı məsuliyyətsizliyin arxasında öz taleyinə qarşı bir məsuliyyətsizlik dayanır. Onun sözlərinə görə, söhbət təkcə bu günün aktual mövzusu olan koronavirusdan getmir, sabah digər bir virus, təhlükəli bir pandemiya çıxa bilər, vətəndaşlarımız növbəti böyük fəlakətlə üzləşə bilərlər: “Ruhumuza, həyat tərzimizə hopacaq koronavirusa qarşı məsuliyyətsizlik sabah yarana biləcək və ya üzləşəcə biləcəyimiz digər təhlükəyə də sirayət edəcək. Bilirsiniz, təhlükəli olan virusun varlığı deyil, təhlükəli olan insanların məsuliyyətsizliyidir. Məsuliyyətsizlik, laqeydlik böyük faciələrlə nəticələnə bilər. Koronavirusla mübarizə yaşamaq, sağ qalmaq, cəmiyyətin sağlamlaşması uğrunda mübarizə deməkdir”.
Cavid