İnsan alveri cinayəti qlobal problemə çevrilib Hadisə

İnsan alveri cinayəti qlobal problemə çevrilib

HDİM “ İnsan alverinə qarşı mübarizədə maarifləndirmə tədbirlərinin artırılması” layihəsinin icra vəziyyəti ilə bağlı müzakirələr aparıb.

Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Daxili İşlər Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “İnsan alverinə qarşı mübarizədə maarifləndirmə tədbirlərinin artırılması” layihəsinin icra vəziyyəti ilə bağlı “Səs” qəzetinin ofisində (layihənin rəhbəri, ekspert və müstəqil jurnalist) müzakirə-görüş keçirilib. Görüşü giriş sözü ilə açan layihənin rəhbəri, HDİM sədri İlham Əliyev ilk öncə, koronovirus pandemiyasından və bu virusun yaratdığı ağır fəsadlardan danışıb. Bildirib ki, pandemiya yalnız epidemiya yaratmır, həm də humanitar fəlakət doğurur. İ.Əliyev insanları bu virusa qarşı mübarizdə səfərbər etməyin vacibliyini bildirib: “Maska taxmaq və sosial məsafə gözləmək, eləcə də Nazirlər Kabinetinin təbiq etdiyi tələb və tövsiyyələrə əməl etməklə bu virusu aradan qalıdırlmaq mümkün olacaq”.

Layihə rəhbəri “İnsan alverinə qarşı mübarizədə maarifləndirmə tədbirlərinin artırılması” layihəsinin icra vəziyyəti ilə bağlı danışarkən bildirib ki, qlobal problem olan insan alverinə qarşı mübarizədə hər bir kəsin, xüsusilə gənclərin ayıq-sayıq və mübariz olması vacibdir: “Cəmiyyətin bütün təbəqələri bu cinayətə qarşı birlik nümayiş etdirməlidir. Çünki, insan alveri cinayətindən heç kəs sığortalanmayıb. Hər bir vətəndaş insan alverinə qarşı mübarizədə vətəndaşlıq məsuliyyətini dərk edib, mübarizdə fəal olsa, cəmiyyətin inkişafına dəstək vermiş olar”.

Layihə üzrə ekspert Qismət İsmayılov, müstəqil jurnalist Cabir Məmmədov çıxışlarında insan alverinə cəlb etmə halları olarsa, bu zaman dövlət qurumlarına məlumat verməklə, insan faciəsinin qarşısını almağın mümkün olacağını bildiriblər. Çıxışlardan sonra pandemiya dövründə geniş tədbirlərin keçirilməsi mümkün olmadığı üçün yeniyetmələr, tələbə-gənclər və valideynlərin hüquq və azadlıqları, vəzifə və səlahiyyətləri ilə bağlı ətraflı maarifləndirici yazıların, çağırışların, şüarların sosial şəbəkələrdə qurulmasının vacibliyi bildirilib.