Buraxılış imtahanlarının nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün ərizə qəbuluna başlanıldı Hadisə

Buraxılış imtahanlarının nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün ərizə qəbuluna başlanıldı

11-ci sinif şagirdləri üçün 2020-ci il iyunun 10 və 11-də keçirilmiş buraxılış imtahanlarının nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün elektron ərizə qəbuluna başlanılıb.
Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, Apelyasiya komissiyasına müraciət etmək üçün elektron ərizə qəbulu iyulun 8-dək davam edəcək.
Apelyasiya komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Ötən illərin təcrübəsi göstərir ki, apelyasiya üçün ərizə yazanların təqribən 30%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər:
"Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq. 10 və 11 iyun tarixlərində keçirilən imtahanlarda iştirak edən və Apelyasiya komissiyasına müraciət etmək istəyənlər 6-8 iyul tarixlərində apelyasiya.dim.gov.az saytında elektron ərizə formasını doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apelyasiya üçün müraciət edə bilməyəcəklər.
Şagirdlər (abituriyentlər) iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən istifadə etməklə sistemə daxil olurlar. Burada “Ev telefonu”, “Mobil telefon”, “E-mail” bölmələrində müvafiq məlumatlar qeyd edilir. “Apelyasiyanın nəticələrinin izahını necə əldə etmək istəyirəm” hissəsində təklif olunan variantlardan biri seçilir. Şagirdin imtahanla bağlı hər hansı xüsusi bir qeydi varsa, “ümumi qeyd” hissəsinə yaza bilər".
Mərkəzdən bildirilib ki, Apelyasiya müzakirəsində şagirdin iştirakı vacibdir. Şagird ilə yanaşı valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir şagirdin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.
Müraciətlərə 13 iyul 2020-ci il tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) qaydada baxılmağa başlanılacaq.