“Koronavirus bəşəriyyəti təhdid edir” Hadisə

“Koronavirus bəşəriyyəti təhdid edir”

“Dünyanı bürüyən koronavirus infeksiyası hələ də sovuşmayıb və bəşəriyyəti təhdid etməkdə davam edir. Virusa qalib gəlməyin isə məhz dövlət və vətəndaş həmrəyliyindən asılı olduğunu dünyanın bir çox ölkələrində rast gəlinən acı həqiqətlər də təsdiqlədi”. Bunu deputat Cavid Osmanov deyib: “Buna görədir ki, koronavirusa zamanında ciddi yanaşmayan ölkələrdə sonradan görülən tədbirlər, alınan qadağa qərarları elə də səmərəli olmadı və bu təsir gücünün işlək olmamasında vətəndaşların da həmin qaydalara əməl etməməsinin böyük rolu oldu”. C.Osmanov bildirib ki, bəşəriyyət yalnız bir olaraq, həmrəylik nümayiş etdirməklə pandemiyaya qarşı qalib gələ bilər və Azərbaycanda aparılan işlər də buna bir nümunədir: “Məhz bu baxımdan Qoşulmama Hərəkatının 40-dan çox üzv ölkənin dövlət və hökumət başçılarının, həmçinin aparıcı beynəlxalq təşkilatların rəhbərlərinin Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsünə dəstək verməsi və onların təşkilatın Təmas Qrupunun Zirvə görüşündə iştirakları, eyni zamanda, ölkəmizin və onun liderinin nüfuzunun nə qədər yüksək olduğunu bir daha göstərdi. Artıq bütün dünya görür və etiraf edir ki, Azərbaycan koronavirus pandemiyasına qarşı mübarizədə fəal rol oynayır. Ölkəmizdə aparılan işlərin hər birinə bilavasitə Prezident İlham Əliyev şəxsən nəzarət edir. O cümlədən Birinci vitse-prezident xanım Mehriban Əliyevanın bu işlərdə göstərdiyi dəstək əvəzsizdir. Bu baxımdan Azərbaycanda aparılan işlər digər ölkələrə nümunə olaraq göstərilir”.