“Media könüllüləri -145” - regionun ən böyük media platformasına start verildi Hadisə

“Media könüllüləri -145” - regionun ən böyük media platformasına start verildi

Milli Mətbuatın yaranmasının 145 illiyi ilə bağlı Parlament Jurnalistlər Birliyinin keçirdiyi silsilə tədbirlər çərçivəsində "Media könüllüləri -145" layihəsinin icrasına başlanılıb. Layihə Prezident İlham Əliyev tərəfindən 2020-ci ilin Azərbaycanda "Könüllülər ili" elan edilməsi çərçivəsində həyata keçirilir. "Media könüllüləri -145" in iştirakçıları, Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin tələbələrindən ibarət 145 könüllünün adı məlumdur. Fakültənin I, II və III kurs tələbələri könüllü kimi qeydiyyata alınıblar. "Media Könüllüləri Təşkilatı"nın (MKT) ilk üzvləri başlanğıcda Milli Mətbuatın yaranmasının 145 illiyinə uyğun olaraq, 145 nəfər (tələbə-könüllü) təşkil edir. PJB-dən xalqcebhesi.az-a verilən məlumata görə, layihənin ideya müəllifi və icraçısı təşkilatın üzvü, ASAN Radionun Baş redaktoru İlkin Kərimovdur. Bakı Dövlət Universiteti ilə birgə icra olunacaq bu layihədə universitet tərəfindən kurator Jurnalistika fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Samir Mirzəyevdir. Media Könüllüləri layihəsinin iştirakçılarının xüsusi fəallığı ilə fərqlənənlər jurnalistika üzrə xaricdə təhsil və təcrübə imkanı əldə edəcəklər.

Qeyd edək ki, Azərbaycan jurnalistlərinin beynəlxalq təmsilçiliyi dövlət başçısının media qarşısında qoyduğu başlıca vəzifələrdən biridir. Bu gün Azərbaycanın maraq və mənafelərini müdafiə etmək, beynəlxalq mövqeyimizin güclənməsi, ümummilli problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı haqq səsimizi dünyaya çatdırmaq üçün xaricdə fəaliyyət göstərəcək azərbaycanlı jurnalistlərə böyük zərurət var. Məhz bu kontekstdən çıxış edərək, Parlament Jurnalistlər Birliyi gələcək jurnalistlərin bu istiqamətdə formalaşması üçün belə bir layihəyə start verib.

Azərbaycanlı jurnalist, PJB rəhbəri Elşad Eyvazlının sədr müavini olduğu Qlobal Jurnalistlər Şurasının imkanlarından istifadə edilərək media könüllülərinə xarici təcrübə qazanmaq imkanı yaradılacaq.Bundan başqa "Media Könüllüləri Təşkilatı" üzvləri Azərbaycanda fəaliyyət göstərən media qurumlarda təcrübə keçmək, işlə təmin olunmaq imkanı da əldə edəcək. Artıq bununla bağlı media rəhbərləri ilə görüşlərə start verilib. Gələcək jurnalistlərin həm ixtisaslaşma məsələləri ilə bağlı onlayn treninq təşkil olunacaq, dünyanın ən tanınmış jurnalistləri bu treninqlərdə iştirak edəcəklər.

Könüllülər həm PJB-nin, həm Bakı Dövlət Universitetinin, həm də Qlobal Jurnalistlər Şurasının sertifikatlarını alacaqlar. Xüsusi fərqlənənlərə daha geniş imkanlar açılacaq. Burada məqsəd həm də Azərbaycanda könüllülük hərəkatına dəstək vermək, yerli və beynəlxalq əhəmiyyətli tədbirlərə qoşulmaq, ictimai-siyasi həyatda aktiv xidmət və təbliğat aparmaq, tələbələrin jurnalistika sahəsində bilik və bacarıqlarını artırmaqdır.