Humanist addım Hadisə

Humanist addım

Tofiq Yaqublu ev dustaqlığına buraxılıb

Mətbuatda məlumat verildiyi kimi, məhkəmənin hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Tofiq Yaqublu Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin saxlanıldığı 3 saylı istintaq təcridxanasında 02.09.2020-ci il tarixdən yemək qəbulundan imtina edib, bununla əlaqədar səhhəti həkim nəzarətinə götürülərək o, təcridxananın tibb məntəqəsinə köçürülüb.
Penitensiar Xidmətdən bildirilib ki, eyni zamanda, onun şəxsən tanıdığı mülki sektorun həkimi Adil Qeybullanın konsultasiyası təşkil edilib. A. Qeybulla onun səhhətinə gündəlik nəzarət edilməsi və müalicəsinin aparılması üçün çalışdığı xəstəxanaya – "City Hospital"a köçürülməsini xahiş edib.
Bununla əlaqədar Tofiq Yaqublunun səhhətinə qayğı və həssaslıqla yanaşılaraq, o, 12.09.2020-ci il tarixdə həmin xəstəxanaya yerləşdirilib.
17.09.2020-ci il tarixdə Tofiq Yaqublu "City Hospital"da TƏBİB-in və Ədliyyə Nazirliyinin Tibb xidmətinin həkimləri tərəfindən birgə müayinə olunub vəziyyətinin orta ağırlıqda stabil olduğu müəyyənləşib.
“Hazırda Tofiq Yaqublunun fizioloji göstəriciləri normal olsa da, o, əsasən yataqdadır, başgicəllənmədən, ümumi halsızlıqdan şikayət edir. Hazırkı durumu onun məhkəmə prosesində iştirakına çətinlik törədir.
Tofiq Yaqublunun müdafiəsini həyata keçirən vəkillərin hökmdən verdikləri apellyasiya şikayətləri və barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsinə dair vəsatəti Bakı Apellyasiya Məhkəməsinin icraatında olduğundan, Tibb xidməti tərəfindən onun səhhət durumunun nəzərə alınması ilə bağlı məhkəməyə müraciət edilib.
Sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsində keçirilmiş ilkin baxış zamanı məhkəmə humanistlik göstərərək Tofiq Yaqublunun barəsində seçilmiş həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki, Tofiq Yaqublunun həkimi Adil Qeybulla onun aclığı dayandırdığını bildirib və qeyd edib ki, Tofiq Yaqublunun xəstəxanadan evə buraxılması məsələsi ailə üzvləri ilə müzakirə edilir: “Bir ziyalı kimi öz şəxsi müraciətimə müsbət cavab verdikləri üçün ölkə rəhbərliyinə təşəkkür edirəm”.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Niyaməddin Orduxanlı isə qeyd edib ki, Tofiq Yaqublunun ev dustaqlığına buraxılması ilə bağlı qərar təqdirəlayiq haldır: “Bunu Azərbaycan dövlətinin humanizm prinsiplərinə əsaslanan siyasətinin əyani təzahürü kimi qiymətləndirirəm.
Niyaməddin Orduxanlı xatırladıb ki, Tofiq Yaqublu ilə bağlı partiya sədrləri, ziyalılar, tanınmış ictimaiyyət nümayəndələri verilmiş hökmün dəyişdirilməsi ilə bağlı müraciət cənab Prezident İlham Əliyevə müraciət etmişdi:
“Tofiq Yaqublu təcridxanada olduğu dövrdə qanunvericiliyə uyğun olaraq maddi-məişət şəraiti ilə təmin olunub, onun hüquqları məhdudlaşdırılmayıb, ailə üzvləri və vəkilləri ilə mütəmadi görüşüb və telefon vasitəsilə əlaqə saxlayıb. Beynəlxalq Qızıl Xaç Komitəsinin ölkəmizdəki Ofisinin nümayəndələrinin onunla görüşünə şərait yaradılıb. Səhhətinin daim həkim nəzarətində saxlanılması üçün o, istintaq təcridxanasının tibb məntəqəsinə yerləşdirilib, səhhəti sabit olub. Eyni zamanda xahişi ilə tanıdığı mülki sektorun həkimi Adil Qeybullaya onun müayinəsi, müalicəsi və sağlıq durumuna nəzarət edə bilməsi üçün orada lazımi şərait yaradılımışdı.
Tofiq Yaqublunun sağlıq durumunda problem yaranmaması üçün onun özünün və həkimi Adil Qeybullanın təklifi ilə “City Hospotal”da müalicəsi davam etdirildi. Ancaq bütün bunlara baxmayaraq “beşinci kolon"un nümayəndələri, bəzi İnternet televiziyalar, xüsusilə də Amerikada oturanlar, görünür, bu prosesin uzanmağında maraqlı idilər. Onların istəyi o idi ki, Yaqublu həyatını itirsin və bundan öz siyasi məqsədləri üçün istifadə etsinlər. Bu şəxsləri hər kəs şiddətlə qınayırdı.
Radikal müxalifətin və "beşinci kolon"un bu qərarı “qələbə” kimi yozması, bundan sui-sitifadə edərək müxtəlif qeyri-qanuni çağırışlar səsləndirməsi bir daha göstərir ki, heç bir fəaliyyəti olmayan, işləri-gücləri sosial şəbəkələrdə qeybət, dedi-qodu yaymaq olanlar üçün insan həyatının heç bir dəyəri yoxdur. Xüsusən bunların başında AXCP sədri Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı dururdu. Bu adamlar qətiyyən istəmirdi ki, Yaqublu azad edilsin. Bunlar öz məqsədləri üçün ən ali prinsipləri belə tapdamağa hazırdırlar.
Tofiq Yaqublu daha çox Əli Kərimlinin təsiri altındadır. Bir daha onla bağlı qərarı təqdir edirəm və dövlətin öz vətəndaşına humanist yanaşdığının təzahürü kimi qiymətləndirirəm”.
“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev Tofiq Yaqublu ilə bağlı atılan addımı əsl humanizm prinsipi kimi qiymətləndirdiyini bildirib.
O qeyd edib ki, həkimlər və yaxınlarının yaydıqları məlumata görə, bu cür ağırlaşan durum çox ciddi fəsadlara gətirib çıxara bilərdi. Ona görə də indiki situasiyada onun barəsindəki həbs qətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığına keçirilməsi humanist yanaşma kimi dəyərləndirilməlidir:
“O, artıq öz doğmalarının yanında olacaq və düşünürəm ki, bundan sonra toparlanması daha surətlə baş verəcək. Eyni zamanda bu amili də qeyd etmək lazımdır ki, Tofiq Yaqublu ölkənin ərazi bütövlüyü uğrunda vuruşmuş qazilərdən biridir. Belə bir insana bu cür humanist yanaşmanın sərgilənməsi, vəsatətin təmin edilərək onun ev dustaqlığına buraxılması Tofiq Yaqublunun haqq etdiyi məsələlərdən biri kimi sayıla bilər. Qısası, bu gün Azərbaycan məhkəməsi çox doğru yanaşma sərgilədi, ev dustaqlığı ilə bağlı qərar indiki hal üçün çox əhəmiyyətli məqam idi”.

Əliməmməd Nuriyev son günlər Tofiq Yaqublunun sağlamlığı ilə bağlı yaranan problemlər səbəbindən həyatına olan təhlükənin ciddi müzakirə mövzusuna çevrildiyini deyib. O qeyd edib ki, bu istiqamətdə çox böyük spekulyasiyalar davam etdirildi: “Onun aclıq aksiyası üzərindən böyük siyasət qurmağa çalışan insanlar var idi. Belə ağır vəziyyətindən siyasi məqsədlər üçün istifadə etmək, onun üzərindən şoular qurmaq yumşaq formada desək, arzuolunan deyildi. İnsan həyatı bütün siyasətlərdən üstündür. Vətəndaş cəmiyyətinin, elm və mədəniyyət xadimlərinin, medianın ölkə başçısına çoxsaylı müraciətləri məhkəmənin daha doğru qərarlardan birini qəbul etməsinə imkan yaratdı. Hesab edirəm ki, Apellyasiya məhkəməsi daha ədalətli qərar qəbul edəcək”.