Deputat: Nikol Paşinyan özündən əvvəlki hakimiyyətin səhvlərini kobud şəkildə davam etdirir Hadisə

Deputat: Nikol Paşinyan özündən əvvəlki hakimiyyətin səhvlərini kobud şəkildə davam etdirir

Prezident İlham Əliyev Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda Abşeron yatağının dəniz əməliyyatlarının təməlqoyma tədbirindən sonra yerli televiziya kanallarına verdiyi müsahibə zamanı bir sıra vacib məsələlərə toxunub, eyni zamanda, açıq mesajlar verib. Müsahibənin bütövlükdə Azərbaycan xalqının istəyini ifadə etməsi dövlətimizin başçısı ilə xalq arasında çox sıx münasibətin olmasının göstəricisidir. Azərbaycan xalqının adından danışmaq hüququ olan Prezident Azərbaycan xalqının istəklərini ifadə etməklə yanaşı, gələcəkdə ölkənin daha uğurlu inkişaf strategiyasının sağlam təməlləri haqqında olduqca vacib mesajlar verdi.

Bu fikri açıqlamasında Milli Məclisin deputatı Şahin İsmayılov vurğulayıb.

Deputat qeyd edib ki, son zamanlar düşmənin azğınlaşması və ölçüsündən böyük, sərsəm ifadələr verməsinə Prezident çox dəqiq və real fikirlər söyləməklə cavab verdi. Burada diqqət çəkən məsələ həm də ondan ibarət idi ki, dövlətimizin başçısının açıq şəkildə ermənilər və onların havadarlarına Azərbaycanın heç bir halda münaqişədən çəkinməməsi fikrini çatdırması idi. Həm də peşəkar diplomat olan Azərbaycan Prezidenti ifadə etdiyi hər bir sözün mənasını yaxşı bilir, lazım olan anda və yerdə deyir. Prezident hər zaman qeyd edir ki, Azərbaycan tam müstəqil xarici siyasət yeridir, xarici və daxili siyasətdə əsas olan məsələ ölkənin maraqlarıdır. Həm iqtisadi, həm də hərbi gücü Azərbaycanla müqayisədə çox gülünc görünən Ermənistanın azğınlaşması, sadəcə olaraq, daxili problemlərini ört-basdır etmək cəhdindən başqa bir şey deyil.

“Azərbaycan sülh və diplomatik həllə sadiqdir. Lakin ATƏT-in Minsk qrupunun uzun illər ərzində fəaliyyətsizliyi həm xalqımızın, həm də ölkə başçısının narazılığına səbəb olub. Danışıqlar xatirinə danışıq aparmaq olmaz. Danışıqların dalana dirənməsi Azərbaycanın öz tarixi torpaqlarını ordu gücünə geri qaytarmasına səbəb olacaq. Dünyanın ilk əlli ordusu sırasında olan Azərbaycan Ordusu çox qısa vaxt ərzində bunu etməyə qadirdir. Bu məsələdə xalqın və dövlətimizin başçısının fikri tam olaraq üst-üstə düşür. Faktiki olaraq danışıqlar prosesini pozan Ermənistan hakimiyyəti bu məsələni yaxşı təhlil etməlidir”, - deyə Milli Məclisin deputatı vurğulayıb.

Şahin İsmayılov qeyd edib ki, eyni məsələ ilə bağlı Ermənistanda cəmiyyət bir neçə cəbhəyə bölünüb və Paşinyan hakimiyyətinə inam gündən-günə azalır. Küçə eyfariyasından ayılmayan, peşəkar siyasətdən tam uzaq olan Nikol Paşinyan özündən əvvəlki hakimiyyətin səhvlərini kobud şəkildə davam etdirir. Bu səhvlərin nəticəsi isə elə ən yaxşı Paşinyanın özünə məlumdur. Belə davam etsə, Paşinyan elə başladığı yerə, yəni küçələrə geri dönəcək. Dövlətimizin başçısı bir məsələni də xüsusi olaraq qeyd etdi ki, yaşanan münaqişədə erməni xalqı yox, erməni hakimiyyəti əsas günahkardır. Reytinqi 20 faizdən aşağı düşən Paşinyan hakimiyyətinin öz xalqının adından qərarlar verməsi böyük suallar doğurur. Ermənistanda yaxşı başa düşürlər ki, onların xilas yolu Azərbaycanla münasibətlərin nizamlanmasından keçir. Münasibətlərin nizamlanmasının isə çox sadə yolu var - Qarabağ və ətraf rayonlardan dərhal çıxmaq.

Deputat deyib: “Prezident İlham Əliyev həm də dəqiq informasiya və kəşfiyyat məlumatlarına əsaslanaraq bildirdi ki, Ermənistan və onların havadarları münaqişəyə hazırlaşırlar. Burada iki məsələni vurğulamaq vacibdir. Birincisi, Azərbaycan bölgədə baş verən istənilən hadisə barəsində xəbər tutur, ikincisi, hər hansı bir məsələyə münasibətdə qabaqlayıcı və vaxtında addımlar atılır. Bu məsələdə Azərbaycan xalqı öz seçimini edib. Onlar Prezidentin yanındadır, Ali Baş Komandan isə tarixi şanlı qələbələrlə zəngin olan Azərbaycan xalqına inanır. Bir məsələ aydındır ki, əgər hər hansı bir münaqişə baş versə bu, Ermənistan üçün yaxşı heç nə vəd etmir. Beynəlxalq fondların əlində alət olan Paşinyan çətin ki, xalqının maraqlarına uyğun qərarlar verə. Onun üçün əsas olan ağalarının tapşırıqlarıdır. Bildirmək istəyirəm ki, Azərbaycan xalqı Ali Baş Komandanın əmrinə hazırdır. Biz mütləq işğal altında olan torpaqlarımızı qaytaracağıq, ya hərbi, ya da sülh yolu ilə!”.