Ordumuzun bir döyüş helikopteri zədələnib, helikopter öz ərazimizə endirilib - RƏSMİ Hadisə

Ordumuzun bir döyüş helikopteri zədələnib, helikopter öz ərazimizə endirilib - RƏSMİ

Sentyabrın 27-də səhər saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhə boyu zonalarda yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilirreya qurğularndan atəşə tutub.

Bunu Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov jurnalistlərə açıqlamasında deyib.

A.Eyvazov bildirib ki, düşmən tərəfinin Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, füzuli rayonunun Xocuq Mərcanlı kəndinin intensiv atəşə tutması nəticəsində mülki əhali arasında həlak olan və yarlanan var: “Mülki infrastruktur obyektlərinə ciddi zərər dəyib. Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susdurulub. Mülki əhalinin təhlükəsizliyini qorumaq üçün qoşunların əks-hücum əməliyyatına başlaması barədə qərar verilib.

Ermənistan silahlı qüvvələrinin ön xətdə və cəbhənin dərinliyində yerləşən obyektləri məhv edilib. Azərbaycan ordusunun bir döyüş helikopteri zədələnib, helikopter öz ərazimizə endirilib. Qloşunlarımız sürətli əks-hücum əməliyyatlarını davam etdirir”.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi sosial şəbəkə istifadəçilərini rəsmi olmayan, dəqiqləşdirilməyən, qeyri-obyektiv məlumatlardan istifadə etməməyə çağırıb.

Müdafiə Nazirliyinin nümayəndəsi bildirib ki, cəbhənin ən gərgin Tərtər- Ağdam və Füzuli-Cəbrayıl istiqamətlərində yerləşən ön xətt hərbi hissələri, raket və artilleriya bölmələri, cəbhə aviasiyası, zirehli texnika və digər qoşun növlərinin qarşılıqlı fəaliyyəti nəticəsində Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susdurulub və döyüş fəaliyyətinin qarşısı alınıb:

“Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədi ilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatına başlaması barədə qərar verilib. Şəxsi heyət və tank bölmələrimiz, raket-artilleriya qoşunlarımızın bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin ön xəttdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikasını aşkar edilərək məhv edir. Əldə olunan məlumata görə, müxtəlif istiqamətlərdə Ermənistan hava hücumundan müdafiə bölmələrinin 12 ədəd OSA zenit-raket kompleksi məhv edilib. Azərbaycan Şərbi Hava Qüvvələrinin cəbhənin Tərtər istiqamətində bir döyüq helikopteri zədələnib, ekipaj üzvləri xüsusi peşəkarlıqla helikopteri qoşunlarımızın nəzarət etdiyi əraziyə endirib. Canlı itki yoxdur. Qoşunlarımızın sürətli əks-hücum əməliyyatı davam edir”.

A.Eyvazov nəzərə çatdırıb ki, əhali arasında narahatlıq və süni ajiotaj yaratmamaq, həmçinin hərbi qulluqçularımızın təhlükəsizliyini təmin etmək məqsədi ilə sosial şəbəkə istifadəçilərini, elektron media və digər KİV nümayəndələrini rəsmi olmayan, dəqiqləşdirilməmiş və qeyri-obyektiv məlumatlardan istifadə etməməyə çağırırıq: “Cəbhəboyu zonada baş verən hadisələrlə bağlı mətbuata və ictimaiyyətə mütəmadi məlumat veriləcək”.