Ermənistan Qarabağdan əhalinin təxliyəsini nəzərdən keçirir Hadisə

Ermənistan Qarabağdan əhalinin təxliyəsini nəzərdən keçirir

Regionda vəziyyət kəskinləşməyə davam edəcəyi təqdirdə, Ermənistan Dağlıq Qarabağdan əhalinin təxliyə olunması üçün humanitar dəhlizlərin təşkil olunması imkanını nəzərdən keçirir.
Bunu Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan "Danışır Moskva" radiostansiyasına müsahibəsində deyib.
O bildirib ki, bu məsələlər nəzərdən keçirilsə də, vəziyyətin bu yerə çatmayacağına ümid edir. Eyni zamanda, səfir humanitar dəhlizin yaradılması məsələsinin zəruri olduğunu deyib.
Qeyd edək ki, Ermənistan tərəfinin bütün cəhdlərinə baxmayaraq, mülki əhali və hərbçilər işğal altında olan Azərbaycan ərazilərindən qaçmağa çalışırlar.
Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib ki, əldə edilən kəşfiyyat məlumatına əsasən, Ermənistanın hərbi komandanlığı işğal olunmuş ərazilər ilə Ermənistan arasındakı yollarda komendant postları qurub.
Onun sözlərinə görə, məqsəd təşviş içində Ermənistana axın edən əhalinin ərazini tərk etməməsi və silahı ataraq ordudan fərarilik edən erməni hərbi qulluqçularının tutulub saxlanılmasıdır:
"Bəzi xəbərlərə görə artıq həmin postlarda silahın tətbiqi ilə ciddi insidentlər qeydə alınıb, ölən və yaralananlar var".
Yayılan məlumatlar arasında Ermənistan ordusunun ərzaq qıtlığı və dərman ləvazimatları çatışmazlığı ilə üzləşdiyi də bildirilir. Vaqif Dərgahlı dərman və tibbi ləvazimat çatışmazlığının düşmənin döyüşlərdə verdiyi çoxsaylı itkilərlə əlaqədar olduğunu bildirib: “Yaralılar və meyitlərin təxliyyəsi üçün nəzərdə tutulmuş hərbi sanitar nəqliyyat vasitələrinin sayının kifayət etməməsi səbəbindən onların daşınması fərdi avtomobillər və yük maşınları vasitəsi ilə həyata keçirilir”.