Deputat: “Artıq peşə məktəbləri müasir standartlara cavab verir” Hadisə

Deputat: “Artıq peşə məktəbləri müasir standartlara cavab verir”

“Əvvəlki dövrlərdə zəif uşaqları peşə məktəbinə yönləndirirdilər. Artıq peşə məktəbləri müasir standartlara cavab verir və bu anlayış dəyişməlidir”.

Bunu Milli Məclisin Elm və Təhsil Komitəsinin bu gün keçirilən iclasında deputat Fatma Yıldırım deyib.

O bildirib ki, məktəblərdə peşə məktəbləri ilə bağlı maarifləndirmə işləri genişləndirilməlidir: “Hamı əlaçı ola yaxud universitet oxuya bilməz. Peşə məktəblərində olan ixtisaslarla bağlı da məsələyə baxılmalıdır. Peşə təhsilində olan ixtisaslarla bağlı sorğular göndərilməli, ehtiyac olan sahələr müəyyənləşdirilməlidir. Artıq peşə təhsili ilə bağlı işlər genişləndirilməlidir. Hər bir inkişaf edən ölkədə kənd təsərrüfatı inkişaf edir, zavodlar, fabriklər tikilər və burada çalışan peşəkarlara ehtiyac yaranır. Bu məsələyə kompleks yanaşılmalıdır”.

F. Yıldırım qeyd edib ki, bu gün texniki fənlərə də yönəlmələr çox aşağıdır: “Texniki istiqamətə tələbələri təşviq etmək üçün mexanizm olmalıdır. Müəyyən universitetlərdə artıq maraq olmadığından çox vacib laboratoriyalar bağlanıb. Bizim inkişafımız texniki fənlər üzrə, kəşflər üzrə qurulub”.