Ermənistanın atdığı "Elbrus" raketi hədəfə dəqiq vurmaq imkanına malik deyil - Ekspert Hadisə

Ermənistanın atdığı "Elbrus" raketi hədəfə dəqiq vurmaq imkanına malik deyil - Ekspert

Ermənistan silahlı qüvvələrinin arsenalında olan taktik raket kompleksləri mərmilərinin əksəriyyəti köhnə sovet dövründən qalma məhsullardır.

Bunu Trend-ə açıqlamasında hərbi-siyasi icmalçı Ramil Məmmədli deyib. O bildirib ki, bu mərmilərin böyük hissəsi uzun müddət anbarlarda saxlanılıb: "Həmin anbarlarda da bu sursatların yüksək səviyyədə saxlanılması təmin edilməyib. Buna görə də hazırda biz şahidi oluruq ki, həmin raket mərmiləri olduqca keyfiyyətsizdir. Hazırda Ermənistan silahlı qüvvələrinin arsenalında taktiki adı "Elbrus" olan "SCAD" raket kompleksindən atılan mərmilərin böyük hissəsi hədəfə düzgün çatmır. Nəinki hədəfə çatmır, hətta düşdüyü yerdə də partlamır. "Elbrus" raketləri 60-cı illərin istehsalıdır və ötən 60 il ərzində həmin raketin effektivliyi o qədər də yüksək deyil".

R.Məmmədli bildirib ki, Ermənistan döyüş meydanında vəziyyətdən çıxa bilmədiyi üçün ikinci dünya müharibəsində məğlub duruma düşən Adolf Hitlerin yolunu gedir: "Onlar da döyüş meydanında itirdikləri mövqeləri və məğlubiyyətlərini yaşayış məntəqələrinə raket atmaqla sığortalamaq istəyirdi. Ermənistan da eyni yolu seçərək Azərbaycandan hansı yolla olursa-olsun qisas almaq istəyirlər. Bu, ümumiyyətlə müharibə cinayətidir. Hesab edirəm ki, Nikol Paşinyanın rəhbərliyi altında bu addımı atan Ermənistan dövləti hərbi cinayətkardır. Ermənistan hökumətinin bu addımlarına qarşı beynəlxalq qurumlar lazımi tədbir görməlidir. Proses belə davam edərsə, Azərbaycan Ordusu Ermənistanın daxilindəki raket birləşmələrinə qarşı əməliyyat tədbirləri həyata keçirmək məcburiyyətində qalacaq".