Ermənilər müharibədə uşaqlardan da istifadə edirlər - FOTO/VİDEO Hadisə

Ermənilər müharibədə uşaqlardan da istifadə edirlər - FOTO/VİDEO

Ermənistanın siyasi-hərbi rəhbərliyi ölkənin orta yaşlı və qoca sakinləri ilə yanaşı, yeniyetmələri də Dağlıq Qarabağda gedən hərbi əməliyyatlara cəlb edib.

İşğalçı ölkə rəhbərliyinin beynəlxalq konvensiyaları və normaları kobud şəkildə pozmasını sübut edən videogörüntülər sosial şəbəkələrdə elə ermənilərin özləri tərəfindən yayılıb. Görüntülərdə erməni hərbçilərinin 12-13 yaşlı yeniyetmədən istifadə etdiyi əks olunur.

Bütün bunlar onu göstərir ki, ermənilər Azərbaycan Ordusuna qarşı döyüşlərdə yeniyetmələrdən də istifadə edirlər. Bununla da döyüş meydanında heç bir qanun tanımayan düşmənin çoxsaylı beynəlxalq qanunları, o cümlədən BMT-nin, UNICEF-in, Paris konvensiyasının uşaq hüquqları ilə bağlı sənədlərini və normalarını pozması sübuta yetirilir.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyanın hərbi xidmətə çağırılmış orta yaşlılarla və qocalarla görüşünü əks etdirən videogörüntülər yayılmışdı.

Paşinyanın orta yaşlı, qoca əsgərlər qarşısındakı "ürəyinizdə qələbə ilə gedin" şüarını səsləndirməsi hərbi qulluq üçün yararlı olmayan bu şəxslərin cəbhəyə yola salındığını göstərir.