Azərbaycanın zəfəri erməni faşistləri üzərində Qələbə Günü olacaq - Tarixçi Hadisə

Azərbaycanın zəfəri erməni faşistləri üzərində Qələbə Günü olacaq - Tarixçi

Bu gün Azərbaycanın müzəffər ordusu Ali Baş Komandan İlham Əliyevin komandanlığında torpaqlarımızı erməni işğalından azad etmək üçün Vətən müharibəsi aparır. Azərbaycanın zəfəri erməni faşistləri üzərində Qələbə Günü olacaq.

Bunu Trend-ə AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Mübariz Ağalarlı deyib.

Onun sözlərinə görə, 1828-ci il Türkmənçay sazişindən etibarən Azərbaycanın şimal hissəsi çar Rusiyası tərəfindən işğal edilmiş, bu zamandan etibarən Şimali Azərbaycan əhalisi çar Rusiyasının, sovet dövründə isə bolşevik Rusiyasının tərəfində “Vətən müharibəsi”ndə iştirak etmişlər. Lakin bu dövrlərdə Azərbaycan müstəqil olmadığı üçün aparılan müharibələrdə könüllü şəkildə deyil, imperiya işğalında olan bir bölgə kimi iştiraka məcbur edilib:

"1941-1945-ci illər II Dünya müharibəsi dövründə bizi işğal edən sovet imperiyası tərəfindən digər işğalçı olan alman faşizminə qarşı aparılan müharibədə iştirak etmişik. Bu “Vətən müharibəsi” dövründə Stalinin neft Bakısını məhv etmə planını, azərbaycanlıların Orta Asiyaya sürgün planını, 1948-1953-cü illərdə döşlərində “Vətən müharibəsi” nişanı asılmış 200 min azərbaycanlının Qərbi Azərbaycandan qovulmasını, neftinə görə dünyanı faşizm işğalından xilas edən Bakıya qəhrəman şəhər adının verilməməsini göz önünə gətirsək, iki diktatorun apardığı və ən azından 300 min azərbaycanlı vətəndaşımızın məhvinə səbəb olan bu müharibəyə “Vətən müharibəsi” deyə bilərikmi? Bu müharibə nəticəsində əldə olunan qələbə bizim Qələbəmiz sayıla bilərmi? Bu gün Azərbaycanın öz ərazilərinin işğaldan azad olunması və bərpası uğrunda apardığı şanlı müharibə bizim öz Vətən müharibəmizdir. Bu Vətən müharibəsi bizim Qarabağ müharibəmizdir".