Afaq Əliyeva: "Hər bir vətəndaş özünü koronavirusdan qoruyaraq əsgərlərimizi qoruyur" Hadisə

Afaq Əliyeva: "Hər bir vətəndaş özünü koronavirusdan qoruyaraq əsgərlərimizi qoruyur"

“Son gönlər Azərbaycanda koronavirus infeksiyasına (COVİD-19) yoluxma hallarında kəskin artım müşahidə olunur. Artımın əsas səbəbləri vətəndaşların qoruyucu maskalardan düzgün istifadə və mövcud karantin qaydalarına riayət etməməsi, şəxsi gigiyena qaydalarına ciddi əməl olunmaması, bir çox hallarda ara məsafənin gözlənilməməsi, zəruri ehtiyac olmadığı halda belə evdən cıxmaları, ictimai yerlərdə kontaktların çoxalmasıdır”.

Bunu APA-ya Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib. O bildirib ki, epidemioloji vəziyyətlə əlaqədar olaraq xüsusi karantin rejimi çərçivəsində dekabrın 1-dək bir sıra məhdudiyyətlər tətbiq olunub: “Payız-qış mövsümü ilə əlaqədar koronavirus (COVID-19) infeksiyası ilə yanaşı, qrip və digər kəskin respirator virus infeksiyalarının artımı müşahidə edilə bilər. Qrip xəstəliyinin qarşısının alınması, eyni zamanda xəstəliklərin mövsümi artımı zamanı gərginləşmə ehtimalının minimuma endirilməsi məqsədi ilə Səhiyyə Nazirliyinin müvafiq əmrinə əsasən 12 oktyabrdan respublikanın şəhər və rayonlarında tibb işçiləri (həkimlər, orta tibb işçiləri), hamilə qadınlar, xroniki tənəffüs sistemi xəstəlikləri olan əhali qrupları arasında qrip əleyhinə peyvəndləmə tədbirləri aparılır. Peyvəndləmə tələblərə cavab verən xüsusi ayrılmış tibb müəssisələrində həyata keçirilir”.

A.Əliyeva qeyd edib ki, hər bir vətəndaş özünü koronavirus infeksiyasından qoruyaraq, ailəsini, valideynlərini və cəbhədə olan əsgərlərimizi qoruyur: “Milli ordumuzun uğurlu əks-hücum əməliyyatları apardığı bir zamanda hər bir vətəndaş COVID-19 infeksiyanın geniş yayılmaması üçün tələb olunan qaydalara riayət etməklə ordumuza dəstək vermiş olur”.