Qarlı hava koronavirusun yayılmasının qarşısını ala bilərmi? Hadisə

Qarlı hava koronavirusun yayılmasının qarşısını ala bilərmi?

Azərbaycanda və dünyada koronavirus infeksiyasına yoluxma sürətlə artır. Ancaq insanlar müxtəlif bəhanələr gətirməklə virusdan daha asan qoruna biləcəklərini hesab edirlər. Hətta qarın yağması və havanın şaxtalı keçməsinin yoluxucu xəstəliklərin yayılmasına təsir göstərdiyinə ümid edənlər də var. Bəs mütəxəssislər nə düşünür?
Quba Rayon Mərkəzi Xəstəxanasının həkim-infeksionisti Şəbnəm Şükürova "Report"a açıqlamasında bildirib ki, qarlı və şaxtalı hava şəraiti viruslara yoluxmamaq üçün arxayınlıq yaratmamalıdır: "Təbii ki, mövsümi olaraq qarlı və şaxtalı hava şəraiti insanların fikirləşdiyi kimi heç də virusların yaranmasına mane olmur. Əksinə, hava şəraitinin kəskin dəyişməsi insanların səhhətinə mənfi təsir göstərərək kəskin-respirator xəstəliklərinin yayılmasına səbəb olur, immun sisteminin zəifləməsinə gətirib çıxarır. Ən əsas da yaşlı və digər xroniki xəstəlikləri olan insanlar özlərini qorumalıdırlar. Belə vəziyyətlərə hazır olmaq üçün immun sistemi zəif olanlar normal qidalanma və gigiyenik qaydalara riayət etməklə özlərini əsasən koronavirus infeksiyasından qoruya bilərlər. Xüsusilə, "C" vitamini ilə zəngin olan qidalar qəbul etmək lazımdır".
Mütəxəssis deyib ki, qarşıdan gələn aylar xüsusilə soyuq qış aylarıdır: "Bu zaman kəskin-respirator infeksiyalarından və koronavirusdan söhbət gedəcək. Onda bu xəstəliklərin differensasiyası (seçilməsi) aparılmalıdır. Sakinlər özlərini pis hiss edərkən mütləq şəkildə həkimə müraciət etməlidirlər. Ev şəraitində səhv müalicə aldıqdan sonra əksər xəstələr ağır vəziyyətdə xəstəxanaya müraciət edirlər".