“Əsgərlərin kredit ödənişləri 6 ay müddətinə dondurula bilər” Hadisə

“Əsgərlərin kredit ödənişləri 6 ay müddətinə dondurula bilər”

“Araşdırmalara görə, hazırda 20 min əsgər və zabitimizin kredit ödənişi var”. Bunu şəhid ailələri və qazilərin kredit borcları ilə bağlı vəziyyəti dəyərləndirən Marketinq və strateji planlama üzrə mütəxəssis Alxan Xələfov deyib.
Alxan Xələfova görə, hazırda hərbi xidmətdə olan və Vətən Müharibəsi iştirakçısı olan əsgər və zabitlərimizin ödənişlərinin ən azı 6 aylıq bir müddətə dondurulması çox yaxşı bir addım olardı:
“Nəzərə alaq ki, əsgərlərimizin valideyinləri, uşaqları və ailələri var. İndiki durumda əsgərlərin ailələrinin hər hansı maliyyə problemlərinin olması onların gözlərinin arxada olması deməkdir. Banklar bu məsələni dərindən incələyərək, əsgərlərimizin 6 aylıq ödənişlərini dondurulması və gecikmələrə görə hesablanmış faizlərin silinməsi ilə bağlı qərar qəbul edə bilər. Analizlərə görə, hazırda 20 min əsgər və zabitimizin kredit ödənişi var. Toplam məbləğ banklarımız üçün heç də böyük bir maliyyə problemi deyil. Onu da qeyd edim ki, bankların kredit müqavilələrindəki 6-ci bənddə fors -major halları ilə bağlı qayda var. 45 günlük müharibə dövrü də fors-major hala daxildir. Bu baxımdan qeyd olunan dövrdə kredit ödənişlərinin olmaması və gecikmə faizlərinin silinməsi halı tam hüquqi bir addım hesab oluna bilər. Bankların güzəşt tətbiq etməsi əhalimizin rəğbətini qazanmağına da səbəb olacaq”.