Koronavirus xəstələri inzibati cəzadan deyil, öz daxili məsuliyyətlərindən çəkinərək evdən çıxmamalıdır - Mütəxəssis Hadisə

Koronavirus xəstələri inzibati cəzadan deyil, öz daxili məsuliyyətlərindən çəkinərək evdən çıxmamalıdır - Mütəxəssis

Son vaxtlar müxtəlif rayon və şəhərlərdə COVİD-19 aşkarlanmış xəstələrin yaşayış yerini tərk etməsi halları barədə çox tez-tez məlumatlar alırıq. Bu faktlar onu göstərir ki, cəmiyyətdə bu virusa qarşı hələ də laqeydlik var, bir çox insanları infeksiyanın yayılma arealının getdikcə genişlənməsi, sutkalıq yoluxma sayının 4000-i ötməsi narahat etmir.

Bunu Trend-ə tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva deyib.

Belə hallara görə təəssüflənən mütəxəssis qeyd edib ki, COVİD-19 xəstələrinin yaşayış yerini tərk edərək insanlar arasına çıxması bu virusun daha çox yayılmasına səbəb olur:

“Təbii ki, küçəyə çıxan COVİD-19 xəstəsinin virusa yoluxmasından kimsə xəbərdar olmur. Onunla ünsiyyət saxlayan, eyni nəqliyyat vasitəsində onunla yol gedən insanlar həmin xəstə tərəfindən virusa yoluxurlar. Bir xəstə insan küçədə nə qədər çox insanla ünsiyyətdə olarsa, bir o qədər də çox insanı virusa yoluxdurar. Nəticədə belə məsuliyyətsiz xəstələrin sayəsində virusa yoluxmanın qeydə alınmadığı ailələrdə də xəstəlik baş verir. Nəzərə alaq ki, belə insanlar yalnız ünsiyyətdə olduğu şəxslərə virusu ötürmürlər. Onlar getdikləri məkanda, məsələn, daxil olduqları mağazada və s. yerlərdə da bu virusu yayırlar. Nəticədə xəstə həmin məkanı tərk etdikdən sonra oraya daxil olan şəxs də havada qalan viruslar hesabına bu virusa yoluxa bilir”.

Bu amilləri nəzərə alaraq, xəstə insanlara evdən çölə çıxmamağı tövsiyə edən Y.Abdiyeva əlavə edib ki, əslində, COVİD-19 xəstələrinin yaşayış yerini tərk etməsinə görə məsuliyyət nəzərdə tutulub. Hüquq-mühafizə orqanları belə xəstələri aşkarladıqca onlar barəsində tədbirlər görürlər. Lakin virusun olduqca geniş yayıldığı indiki məqamda COVİD-19 xəstələri inzibati məsuliyyətdən deyil, özlərinin daxili məsuliyyətindən çəkinərək və onu hiss edərək yaşayış yerini tərk etməməlidirlər:

“Sözsüz ki, olduqları məkanı tərk etmə xəstəxanada deyil, evdə müalicə edilən COVİD-19 xəstələri tərəfindən qeydə alınır. Lakin bu halların baş verməməsi üçün bütün xəstələrin xəstəxana şəraitində müalicə edilməsi də mümkünsüzdür. Gündəlik yoluxma sayı getdikcə artdığı üçün xəstəxanalarda stasionar müalicə alan xəstələrin sayı olduqca çoxalıb. Xəstəxanaların yükü də bu artıma dözməlidir”

Bu məsələdə ictimai qınağı vacib sayan Y.Abdiyeva qeyd edib ki, COVİD-19 xəstəsinin evi tərk etməsindən məlumatı olanlar bu barədə lazımi orqanlara xəbər verməlidir.