Şahın nəvələri Bakıya bayraq sancıb, qalır Təbriz…
6 Yanvar 20:50
Son günlər sosial şəbəkələrdə bir qrup müharibə iştirakçısının medallar və digər məsələlərlə bağlı narazılığı süni şəkildə gündəmə gətirilir.
Ordu, hərb və ümumilikdə Qarabağ müharibəsi həssas mövzu olduğu üçün dövlət bu məsələləri heç vaxt diqqətdən kənarda saxlamayıb və indiyədək 90 minə yaxın vətəndaşın müxtəlif medallarla təltif olunması buna bariz nümunədir.
Hər kəsin zəhməti dəyərləndirilir, bundan sonra da heç kim unudulmayacaq, heç kəs diqqətdən kənarda qalmayacaq. Təbii ki, kimlərinsə medal alması və ya zəhmətinin qiymətləndirilməsi hansısa səbəbdən ləngiyə bilər. Çünki qısa zamanda bu istiqamətdə görülən işlərdə hamını əhatə etmək elə də asan məsələ deyil. Sadəcə səbr və təmkinli olmalıyıq. Tezliklə hər kəs layiq olduğu diqqəti görəcək. Buna qətiyyən şübhə edilməməlidir.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Elman Məmmədovun sözlərinə görə, bu illər ərzində Qarabağ qaziləri və veteranları hər zaman dövlətimizin diqqətində olublar. Bir qrup müharibə iştirakçısının təltiflər və digər anlaşılmazlıqla bağlı problemlərin yaxın zamanlarda yoluna qoyulacağı şübhə doğurmamalıdır:
“90 minə yaxın vətəndaşın müxtəlif medallarla təltif olunmasının özü Azərbaycan dövlətinin İkinci Qarabağ müharibəsində iştirak etmiş vətəndaşlara verdiyi dəyərin nümunəsidir. Kim ki, Vətən müharibəsində əlinə silah alıb, əyninə hərbi formanı geyinib tarixi torpaqlarımızı azad etməyə qalxdı, onlara hər zaman xüsusi qayğı və diqqət göstərilməlidir. Hazırda bu qayğı və diqqətin bir neçə istiqamətdə davam etdiyini görürük. Həm sosial, həm mənəvi məsələlər, həm də digər istiqamətlərdə qazi və veteranlarımız maksimum dərəcədə diqqətdə saxlanılırlar. Düşünürəm ki, bundan sonra da onlara qayğı olacaq və müharibə iştirakçılarına xüsusi diqqət və hörməti əbədi şəkildə saxlamalıyıq. Çünki onlar Vətən üçün bir çağırışla cəbhəyə yollanıb döyüşlərə qatıldılar, orduda olan peşəkar hərbçilərimiz isə ilk gündən can qoydular.
Şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə isə can sağlığı diləyirəm. Yaralanmayan vətəndaşlarımız da oldu ki, onlar müharibədə aktiv iştirak etdilər, igidliklər göstərib düşmənə öz sözünü dedilər. Yəni bu müharibədir və döyüşlərin gedişində belə şəxslər də olub ki, torpaqların azad olunmasında sözün həqiqi mənasında xüsusi xidmətləri olub”.
Deputat vurğulayıb ki, on minlərlə müharibə iştirakçısının təltif edilməsi diqqət və qayğının, dəyərləndirilmənin hansı səviyyədə olduğunu göstərir. Sadəcə, ola bilər ki, bu təltifetmə prosesləri hələ də müəyyən araşdırma mərhələlərində olsun, həmin narazı olan veteranlarımızın bir qədər səbir və təmkin nümayiş etdirməsi məsləhətdir:
“Zənnimcə, bu müharibə iştirakçılarına da xüsusi diqqət ayrılacaq və onların narazılıqları nələrdən ibarətdirsə, həmin məsələlər diqqətlə araşdırılıb sonda müsbət qərarlar veriləcək. Dövlət heç vaxt belə həssas məsələlərə biganə qalmayıb. Düşünürəm ki, bir qrup müharibə iştirakçısının araşdırma tələb edən xahiş və tələbləri diqqətdə saxlanılacaq. Medallar verilərkən belə narazı hallar müşahidə edilmədi, sadəcə ola bilsin qısa zamanda hər bir layiqli şəxsi əhatə etmək mümkün olmadı deyə hələ də araşdırmalar gedir.
Bu məsələlərə mütləq aydınlıq gətirilməlidir. Mən özüm də Qarabağ müharibəsi veteranı, müharibə iştirakçısı kimi hər zaman əsgərin, zabitin, qazi və ümumilikdə veteranların yanında olmağa çalışmışam. Hesab edirəm ki, dövlətimiz də hər zaman onların yanında olub, Ali Baş Komanda bu şəxsləri həmişə diqqətdə saxlayacaq. Buna şübhə olmamalıdır. Allahın köməkliyi ilə onların narahatlığına son qoyular, araşdırma tələb edən məsələlərə aydınlıq gətirilər və kimlər ki, medallara, xüsusi təltiflərə layiq idi, qısa zamanda öz dəyərlərini alarlar. Sadəcə olaraq müvafiq qurumlarımız bu narazılığını dilə gətirən şəxslərə həssaslıqla yanaşıb məsələləri araşdırmalıdır”.