Hirkan Milli Parkındakı yanğın nəticəsində dəyən zərər hesablanır - Xidmət rəisi Hadisə

Hirkan Milli Parkındakı yanğın nəticəsində dəyən zərər hesablanır - Xidmət rəisi

Hazırda Hirkan Milli Parkında baş vermiş yanğın nəticəsində təbiətə dəyən zərər hesablanır. Yanğının səbəbləri Ekologiya və Təbii Sərvətlər Nazirliyi və hüquq-mühafizə orqanları nümayəndələri tərəfindən birgə araşdırılır.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib.

Onun sözlərinə görə, Hirkan Milli Parkının Astaradakı ərazisində-Şindan meşəbəyiliyində baş verən yanğın artıq söndürülüb:

“Küləyin güclü olması yanğının söndürülməsində çətinliklər yaradırdı. Yanğının söndürülməsində Hirkan Milli Parkının və Meşə Xidmətinin əməkdaşları ilə birgə Fövqəladə Hallar Nazirliyi və kənd sakinləri iştirak ediblər. Yanğının söndürülməsinə ümumilikdə 300 nəfərə yaxın şəxs cəlb edilib”.

F.Əliyev deyib ki, yanğın zamanı əsasən, xəzəl və qurumuş kol-kos yanıb. Əraziyə baxış keçirilən zamanı köküstə yaşıl ağacların yanmasına təsadüf edilməyib. Profilaktik tədbirlər baxımından ərazidə işçilər üçün növbətçilik sistemi təşkil edilib.