YADDAŞIN XATİRƏSİ Siyasət

YADDAŞIN XATİRƏSİ

Oxuculara təqdim olunan bu yazıda, əsasən 1990-cı ilin yanvar ayında sovet-rus qoşunlarının Lənkəranda törətmiş olduqları qırğınlar və ondan sonrakı hadisələrdən (qismən də olsa) bəhs olunur.
Üstündən 31 il keçməsinə baxmayaraq, “Yanvar qırğınları” (1990-cı il) hadisələrini qələmə almaq, yaddaşın xatirəsini yenidən vərəqləmək, düşünürəm ki, olduqca vacibdir. Çünki, baş vermiş siyasi hadisələrdən müəyyən vaxt keçdikdən sonra, əgər həmin illərin tarixi hadisələri qələmə alınmırsa, yad edilmirsə onda tədricən yaddan çıxmağa başlayır və bir müddətdən sonra tamamilə unudulur. Fikrimizcə, yaxın keçmişdə baş vermiş ictimai-siyasi hadisələrin iştirakçıları və şahidləri gördüklərini, eləcə də iştirakcısı olduqları hadisələr haqqında yazmalıdırlar. Yazmalıdırlar ki, indiki və gələcək nəsillər onları oxusunlar, real həqiqətləri öyrənə, onlardan dərs alsınlar və nəticə çıxara bilsinlər.
Yanvar qırğınları (sovet-rus qoşunlarının törətmiş olduqları qırğınlar, təkcə Bakıda deyil, Neftçalada, Lənkəranda və başqa yerlərdə də oldu) hadisələri haqqında bu günə qədər az da olsa yazılıb. Lakin düşünürəm ki, yanvar qırğınları haqqında yazılanlar hələ yetərli hesab edilməməlidir...
İndi isə 1990-cı il yanvar ayının 25-dən 26-na keçən gecə sovet-rus qoşunlarının Lənkəran rayonunda həyəta keçirmiş olduqları qırğın və həbslər haqqında bəzi məqamları qeyd edək.
1990-cı il yanvar ayının 19-u axşamı Azərbaycan televiziyasının enerji bloku Rusiyadan gəlmiş təxribatçı qruplar tərəfindən partladıldı.
Yanvar ayının 19-dan 20-nə keçən gecə isə Bakıda dəhşətli qırğın baş verdi. Sovet-rus qoşunları dinc insanlara atəş açdı, çoxsaylı ölən və yaralananlar oldu.
Həmin vaxtlar Bakıdan məlumat əldə etmək olduqca çətin idi. Biz (yəni, Azərbaycan Xalq Cəbhəsi Lənkəran şöbəsinin rəhbərliyi) o dəqiqə “Araz” efiri (Lənkəran rabitə qovşağında yerləşən “gizli” radio mərkəzini belə adlandırırdıq. Həmin radio qurğusu vasitəsi ilə Respublika sərhədlərindən kənara da məlumatların ötürülməsi mümkün idi) vasitəsi ilə sovet-rus hərbiçilərinin Bakıda törətdikləri qırğınlar haqqında məlumatları dünya ictimaiyyətinə çatdırmaq qərarına gəldik. Qısa bir vaxt ərzində Lənkəran rabitə qovşağında olan “Araz” informasiya mərkəzi vasitəsi ilə efirə çıxdıq - Azərbaycan, rus, türk, fars və ingilis dillərində verilişlər hazırlayıb efirə verməyə başladıq. Bu işdə Arif İsmayılovun adını xüsusi olaraq qeyd etmək istəyirəm. Onun yaxşı natiqlik qabiliyyəti və səsi var idi (Arif İsmayılov dil-ədəbiyyat müəllim idi). Həmin çətin günlərdə bizlərə yaxından köməklik göstərənlərin adlarını qeyd etməyi özümə borc bilirəm. Onlar: 1) İsmayılov Arif. Dil-ədəbiyyat müəllimi; 2) Hüseynov Bəhlul. Sinovlu kənd məktəbində dil-ədəbiyyat müəllimi işləyirdi; 3) Fərzullayev Əlirza. Marso sovxozu məktəbində fars dili müəllimi işləyirdi. O, həm də Türkiyə türkcəsində də danışa bilirdi; 4) Vəliyev Rövşən. Ərəb dili müəllimi; 5) Əsədova Nüşabə. Port İliç qəsəbəsində (indiki Liman şəhəri) rus dili müəlliməsi idi; 6) Şahbazov Fəxrəddin. Fars dili müəllimi; 7) Zeynalova Şəhrəbanu və 8) bu sətirlərin müəllifi Abışov Vaqif. Lənkəran şəhər 3 saylı orta məktəbdə tarix müəllimi və s.
Lənkəran radio redaksiyasının kollektivindən: Rüstəmov Nəriman, Cəfərov Əliyar, Talıbov Sərraf, Ağayev Azad, Məmmədov Hüseynbala, Əliyev Seyran (ştatdan kənar müxbir) və başqalarının adlarını çəkmək olar. Yuxarıda adlarını qeyd etdiyim və qeyd edə bilmədiyim şəxslər vətənin ağır günündə yorulmadan və bütün qüvvə ilə çalışdılar.
Tezliklə, səsimiz həm Azərbaycanda, həm də qonşu ölkələrdə - Türkiyə, İran, Rusiya və başqa ölkələrdə eşidilməyə başlandı.
Əziz oxucular, əgər 1990-cı il yanvar ayının 20-dən başlayaraq Lənkərandakı “Araz” radio efiri vasitəsi ilə verilən bütün məlumatları burada qeyd etmiş olsaq, onda yazının həcmi çox böyük olardı.
O vaxtlat efirdən oxunan hər bir məlumat, həmin dövrdə həm azərbaycanlı, həm də xarici dinləyicilər üçün yeni və maraqlı məlumatlar hesab olunurdu. Çünki, 20 Yanvar qırğını haqqında ilkin məlumat qıtlığı var idi. Bununla belə, onu da qeyd etməliyəm ki, xaricdən Mirzə Xəzərin səsi vasitəsi ilə yayımlanan məlumatlar da xüsusi əhəmiyyət daşıyırdı. Sanki Mirzə Xəzərin səsi xalqa yeni güc verir, onları ruhlandırırdı.
Bizim əsas məqsədimiz isə, Azərbaycanda baş verən qırğınlar haqqındakı məlumatları daha çox insana çatdırmaqdan ibarət idi. Heç şübhəsiz, həmin məlumatlar bu gün və gələcəkdə də tarixi yaddaşları təzələmək üçün lazımlı olacaqdır.
Bizim həmin vaxtlar efirə verdiyimiz məlumatlar 1990-cı il yanvar ayının 20-dən 25-dək (yanvarın 25-i də daxil olmqla) davam etdi. Sonradan rus qoşunlarının Lənkərana hücum etməsi nəticəsində efirə verilən məlumatları dayandırmalı olduq. Onu da qeyd edim ki, rus qoşunları Lənkəranı işğal edib tam nəzarətə götürdükdən sonra radio vasitəsi ilə oxunan yazılar və həmin proseslərdə iştirak edən şəxslər axtarıldı, amma onları ələ keçirə bilmədilər.
Yuxarıda verilən məlumatlarla, mən demək istəmirəm ki, biz lənkəranlılar (həmin proseslərdə Azərbaycan Xalq Cəbhəsi Lənkəran şöbəsinın rəhbərliyi və üzvləri həm təşkilatçı, həm də aktiv iştirakçı kimi çalışmışdılar) çox böyük işlər görmüşük. Sadəcə, əziz oxucuların diqqətinə çatdırmaq istəyirəm ki, o çətin və ağır günlərdə hər bir azərbaycanlı kimi, biz də o çətin günlərdə əlimizdən gələn köməkliyi göstərməyə çalışmışıq.
Yanvarın 25-də, sonuncu dəfə, Lənkəran şəhərində, indiki icra hakimiyyəti binasının qarşısındakı geniş meydanda böyük bir mitinq oldu. Bu mitinqdə meydana toplaşan çoxsaylı insanlara Respublikada gedən siyasi hadisələr haqqında qısa məlumat verdikdən sonra, mitinqləri müəyyən müddətə kimi təxirə salındığı bildirildi.
Həmin vaxt mitinq başa çatan vaxtı, təxminən axşam saat 17-18 radələri olardı, xəbər verdilər ki, Haftonu (İstisu) meşəsində qırğın gedir. Sonradan məlum oldu ki, helikopterlər vasitəsi ilə Haftonu meşəsinə sovet-rus desantları gətirilib və onlar da meşə və ətraf yerlərdə olan dinc insanlara atəş açıblar. Nəticədə dinc insanlar arasında ölən və yaralananlar olub.
Həmin qırğın zamanı meşədə 5 nəfər (Vaqif Məmmədov, Salman Baxşıyev, Şahin Məmmədov, Rahim Məmmədov və Rövşən Bədəlov) şəhid oldu, bir neçə adam yaralandı, 53 nəfərdən artıq adamı isə qolları bağlı helikopterə mindirərək Bakıya apardılar... Onlardan da Tariel Abdullayev adlı bir nəfər, helikopterdə üst-üstə yığılan əli bağlı insanların altında qalıb və nəticədə boğularaq faciəli şəkildə həyatını itirib. Lakin bu məlumatı bir qədər geç öyrənə bildik.
Bakıda olduğu kimi Lənkəranda da matəm idi. Yanvarın 26-da şəhid olmuş 5 nəfərin dəfn olunma mərasimi keçirilirdi. Sovet-rus qoşunları isə Lənkəranı, sözün əsl mənasında, işğal etmişdir. AXC LŞ-nın rəhbərləri isə Rusiyadan gələn hərbi müstəntinqlər tərəfindən ciddi axtarılırdı. Onlar Lənkəranın müxtəlif yerlərində gizlənməyə məcbur oldular. Mən də bir müddət Lənkəranın Velədi kəndində gizlənməyə məcbur oldum.
Həmin vaxtlar rus hərbiçiləri AXC LŞ-ya məxsus binanı da zəbt etdilər. 1990-cı il yanvar ayının 28-də yerli milis nümayəndələri ilə birlikdə hərbi komendantlıq AXC LŞ-ya məxsus 63 adda əşyanı qanunsuz olaraq müsadirə etdi. Sonradan həmin əmlakları geri almaq üçün, hətta SSRİ Müdafiə Nazirinin müavini, admiral, Lənkərandan SSRİ Ali Sovetə deputat seçilmiş Vladimir Çernavinə də müraciət olundu. Yalnız həmin müraciətdən sonra AXC LŞ-ya məxsus əmlakları hərbiçilərdən geri ala bildik.
1990-cı il fevral ayının 2-də mənim kirayədə qaldığım evdə də hərbiçilər tərəfindən axtarış aparılıb və bununla əlaqədar olaraq axtarış protokolu da tərtib edilib. Protokolda kirayə qaldığım evdən mənə məxsus yazılı kağızlar, bülletenler, bloknotlar və s. götürülüb.
Eyni zamanda, mənə və AXC LŞ İdarə Heyətinin digər üzvlərinə çağırış vərəqəsi də göndərildi. Lakin onların çağırışına getmədik. Bu minvalla, üç ay qədər gizlənməyə məcbur olduq.
Moskvadan göndərilmiş hərbi müstəntinqlər getdikdən sonra istintaq işləri Azərbaycanın hüquq -mühafizə orqanlarına tapşırıldı. Bu dəfə istintaqı onlar davam etdirməli idilər. Bunu necə öyrənə bildik? Belə ki, günlərin bir günü vacib bir məsələ ilə bağlı Bakıya - Respublika Pprokurorluğuna getmişdim. Orada Baş prokurorun müavini Rüstəm Usubovla görüşməli oldum. Onun otağına girib adımı, soyadımı, haradan gəldiyimi və gəlişimin səbəbini dedim. O isə dedi ki, yaxşı gəlmisən, səni axtarırdım. Fikirləşdim ki, yəqin bu dəqiqə həbsimə göstəriş verəcək. Lakin tamamilə başqa hadisə baş verdi. Rüstəm Usubov stulu göstərib, otur dedi. Və qarşımdakı masanın üstünə bir vərəq, bir qələm qoymağı da unutmadı. Sonra seyfi açıb oradan bir qovluq götürərək mənim qarşıma qoydu. Və dedi:
-Yaz.
Mən isə onun üzünə baxdım və dedim:
-Nə yazım?
-Yaz ki, sizə məxsus olan qovluğu təhvil aldım.
Mən də deyilənləri yazdım və qovluğu R.Usubovdan aldım.
Sən demə, rus hərbi müstəntinqləri gedəndən sonra mənim evimdən apardıqları 28 adda əşyanı (müxtəlif yazılı kağızlar, bülletenlər, bloknotlar və s.) Respublika Prokurorluğuna veriblər ki, istintaqı davam etdirsinlər. Mənim bildiyimə görə (özüm də bir daha şahidi oldum) bizim hüquq- mühafizə orqanlarımız 1990-cı ilin “Yanvar” hadisələri ilə bağlı heç kimi həbs etməmişdilər. Əksinə, onlar bütün qüvvəsi ilə çalışmışdılar ki, vətəndaşlarımıza yardım etsinlər.
Lənkərandakı qırğından sonra baş vermiş bir hadisəni (əslində çox hadisələr baş vermişdir) də qeyd etmək istəyirəm. 1990-cı il yanvarın 26-da rus hərbiçilərinin Haftonu meşəsində dinc insanlara divan tutduqdan sonra, Bakıya gətirilənlərdən 31 nəfəri, gizli olaraq Rusiyanın Ulyanovski şəhərinə apararaq həbsxanaya salınmışdılar. Biz bu faktı Bakıda, komissiya üzvləri ilə görüş zamanı öyrənə bildik. Həmin günə kimi heç kim bilmirdi ki, Lənkəranda həbs olunanlar haraya aparılıb.
1990-cı ilin fevral ayının əvvəllərində bu sətirlərin müəllifi və mənimlə birlikdə Əvəz Ramazanov Bakıya gəldik. Mənim əlimdə Lənkəranda həbs olunanların tam siyahısı var idi. Biz axşamüstü Bakıya çatıb Azərbaycanfilm kinostudiyasının binasının həyətinə girdik. Oradan bizi Ramiz Fətəliyev, (Ramiz Fətəliyev 1986-1995-ci illərdə kinostudiyanın direktoru olub) Nəcəf Nəcəfov və bir neçə şəxsin olduğu otağa apardılar. Orada onlarla görüşdük və gəlişimizin məqsədini anlatdıq. Bir yerdə bir-iki tikə çörək yeyəndən sonra getmək istədiyimizi bildirdik, amma etiraz etdilər. Bildirdilər ki, geçə küçəyə çıxmaq qorxuludur, rus əsgərləri kimi görürsə və hara gəldi atəş açırlar, bizimlə qalın sabah səhər gedərsiniz. Biz razılaşmadıq. Çünki səhər tezdən Ali Sovetin binasında olmalı, əlimizdə olan siyahını və bir sıra məlumatları “20 Yanvar” qırğınları ilə bağlı yaradılmış Komissiyanın üzvlərinə çatdırmalı və həbs olunanların yerini öyrənməli idik.
Biz geçə oradan çıxıb ara küçələrlə Ali Sovetin yanındakı yaşayı binalarının yanına gəldik. Buradakı binaların birində mənim qohumum yaşayırdı. Gecəni onlarda qalmaq, səhərisi isə Ali Sovetin binasında Komissiya ilə görüşmək fikrində idik. Gecə qohum gildə qaldıq. Səhəri günü Ali Sovetin binasında Komissiya üzvləri ilə görüşüb siyahını onlara təqdim etdim. Onlar bildirdilər ki, yaxşı ki, siyahını gətirmisiniz.
Onu qeyd edim ki, Bakıda törədilmiş qırğınlar haqqında məlumatları əldə etmək asan olsa da, rayonlarda sovet-rus qoşunları tərəfindən törədilmiş qırğınlar haqqında məlumatları əldə etmək çətin idi. Ona görə də bizim gətirdiyimiz məlumatlar Komissiya üçün olduqca lazımlı idi.
Biz orada öyrənə bildik ki, Abdullayev Tariel Helikopterdə dünyasını dəyişib, 31 nəfər gizlincə Ulyanovskiyə aparılıb, qalanları isə Bakıda Şüvələn həbsxanasına salınıb. Bu məlumatlar bizim üçün olduqca əhəmiyyətli idı. Çünki Lənkəranda həbs olunanların valideynləri öz övladlarının taleyindən bərk narahat idilər. Biz Lənkərana qayıtdıqdan sonra əldə etdiyimiz məlumatları lazımi ünvanlara çatdırdıq.
Hal-hazırda Lənkəran şəhərində Şəhidlərimizin abidəsi ucalır.
Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm.

Vaqif ŞİRİNOĞLU
Tarix üzrə elmlər doktoru