Hadrut və Şuşanın azad olunmasında sərhədçilər də qəhrəmanlıq göstərib Hadisə
Ermənistanla dövlət sərhədində strateji yüksəkliklərin ələ keçirilməsi, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunmasında Azərbaycan sərhədçiləri qəhrəmanlıqlar göstərib.
Trend-in məlumatına görə, bu barədə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin yaradılmasının 16-cı ildönümü münasibətilə tədbirdə deyilib.
Dövlət himninin səslənməsi ilə başlayan təntənəli tədbirdə Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin 18 fevral 2005-ci il tarixli Sərəncamı əsasında Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin yaradılması ilə ölkəmizin dəniz sərhədlərinin mühafizəsinin keyfiyyətcə yeni mərhələyə yüksəlməsi, sərhəd sularında dövləti maraqlarımızın qorunması imkanlarının genişlənməsi, dəniz sərhədlərinin mühafizəsi məsələlərinə daima ali diqqətin göstərilməsi sayəsində yüksək nəticələrin əldə olunması qeyd edilmişdir.
Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi üçün əlamətdar olan bu günün Vətən Müharibəsində tarixi qələbənin təntənəsinin yaşandığı dövrə təsadüf etməsi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Vətən Müharibəsinin Azərbaycan Respublikasının Ermənistan üzərində parlaq qələbəsi ilə başa çatmasının Dövlət Sərhəd Xidmətinin bütün şəxsi heyəti tərəfindən böyük sevinc və qürur hissləri ilə qarşılanması vurğulanmışdır.
Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin Dövlət Sərhəd Xidmətinin qarşısına qoyduğu döyüş tapşırıqlarının uğurla icra edilərək Ermənistanla dövlət sərhədinədək böyük bir ərazinin azad edilməsi, Ermənistanla dövlət sərhədində strateji yüksəkliklərin ələ keçirilməsi, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunmasında Azərbaycan sərhədçilərinin göstərdikləri qəhrəmanlıqlar, “Harop” və digər zərbəendirici pilotsuz uçuş aparatlarının, sərhəd aviasiyasının AN-2 təyyarələrinin Azərbaycan sərhədçiləri tərəfindən peşəkar tətbiqi nəticəsində düşmənə ciddi döyüş itkilərinin vurulması böyük qürur hissi ilə qeyd olunmuş, işğaldan azad edilmiş dövlət sərhədlərimizin müdafiəsi və mühafizəsi üzrə zəruri infrastrukturun yaradılması istiqamətində işlərin uğurla davam etdirilməsi bildirilib.
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılmış, böyük şərəf hissilə Azərbaycan Respublikasının dövlət sərhədlərinin toxunulmazlığının keşiyində duran dənizçi sərhədçilərin bundan sonra da xidməti tapşırıqları ən yüksək səviyyədə icra edəcəklərinə əminlik ifadə olunmuşdur.
Tədbirdə xidməti-döyüş fəaliyyətində yüksək nəticələr əldə etmiş bir qrup hərbi qulluqçu təltifləndirilmişdir.