Trtajans komandası ilk onlayn konfransını keçirdi Hadisə

Trtajans komandası ilk onlayn konfransını keçirdi

Dünən fevralın 23-də Trtajans Media Holdinqinin rəhbər komandasının ilk onlayn konfransı keçirildi. Onlayn konfransda Türkiyə, Azərbaycan, Pakistan, Qazaxıstan və Rusiya nümayəndələri iştirak etdi. İştirakçılar türk dünyasına xəbər əlçatanlığını nəzərdən keçirdi, dünya çapındakı erməni yalan və feyk məlumatların ram edilməsi, eləcə də Türkiyə və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə daha peşəkar formada çatdırılmasını müzakirə etdilər.
Bununla bağlı Trtajans komandasının rəhbəri Salih Kurt, Trtajans rəhbərinin müavini Asif Mərzili çıxış edərək istiqamətləri və bu yöndə indiyədək həyata keçirilmiş tədbirləri söylədilər. Məlum oldu ki, ermənilər komandanın bu fəaliyyətindən ciddi narahatlıq keçirərək trtajans-ın 5 dildə (türk, Azərbaycan, ingilis, rus və fransız) yayımlanan portallarından aidiyyəti Avropa təşkilatlarına şikayətlər etmiş, jurnalist Asif Mərzilinin ingilis dilli trtajans.eu saytında Şuşanın tarixi və ermənilərin Qarabağa 1828-ci ildə İran və Türkiyədən köçüb gəlmələrini və s. təsdiqləyən və rəsmi qaynaqlara istinadlı materialını bəhanə edərək bu saytı 3 gün bloklatmışlar. Lakin Salih Kurtun fədakarlığı ilə saytın fəaliyyəti məhkəmə yolu ilə bərpa edilmişdir.
Onlayn konfransda Trtajans Media Holdinqin rəhbər üzvlərindən tanınmış hüquqşünas, siyasi ekspert Adil Minbaşı, Türkiyədən Yasemin Kurt, Pakistandan Saima Hayat Xan, Azərbaycandan Yasəmən Məmmədli, Xanım Kərimova və Şakir Qurbanov iştirak edirdilər. Onlar gələcək fəaliyyət istiqamətləri barədə arzu və təkliflərini çatdırdılar. Qeyd edildi ki, hazırda Trtajans komandasının qarşısında duran vacib hədəflərdən biri də Rusiyada, Ukraynada, Almaniyada, Qazaxıstanda və digər Orta Asiya ölkələrində, Hindistanda, İranda və digər Avropa ölkələrində nümayəndəliklərin təsdiqidir. Artıq həmin ölkələrdə yaşayan təcrübəli yazarlar elektron müraciət edərək CV-lərini göndəriblər.
Konfransda eləcə də bu möhtəşəm layihənin Azərbaycan və Türkiyə hökumətləri səviyyəsində dəstəkləndiyi, yaxın gələcəkdə maliyyələşdiriləcəyi və s. istiqamətində işlərin davam etdiyi, reklam əməkdaşlığının formalaşdırılması müzakirə edildi, konfrans iştirakçılarının sualları cavablandırıldı. Eləcə də Trtajans-ın Azərbaycan nümayəndəliyinin yaradıcılıq ofisinin təşkili də müzakirə olundu. Yaxın vaxtlarda bu problemin Azərbaycan Prezident Administrasiyasının dəstəyi ilə həll ediləcəyi vurğulandı.
Konfransda daha bir şad xəbər aldıq: Azərbaycandan olan nümayındələr- Asif Mərzili, Adil Minbaşı və Yasəmən Məmmədli Avropa Media Alyansının 28 Avropa ölkəsində dəstəklənən diplomatik media -press vəsiqəsini alacaqlar. Artıq Alyansın hər üç jurnalist-yazar barədə toplanmış məlumatları sintez edilərək təsdiqlənmişdir.

İştirakçılar göstərdiyi diqqətə və fəaliyyətə görə Salih bəy Kurta təşəkkürlərini bildirdilər.