“Kütləvi yoluxmaya səbəb olacaq davranışlardan çəkinmək lazımdır” Hadisə

“Kütləvi yoluxmaya səbəb olacaq davranışlardan çəkinmək lazımdır”

Nurlan Qələndərli: “Xüsusilə də, kütləvi tədbirlərin keçirilməsi cəmiyyətin sağlamlığını təhlükə altına atmaq deməkdir”

“Bəşəriyyəti cənginə alaraq dünya miqyasında çox ciddi sosial-iqtisadi problemlərə, hətta səhiyyə böhranına yol açan koronavirus pandemiyası ilə mübarizə qlobal xarakter daşıyır. Təəssüflər olsun ki, çoxsaylı və kompleks xarakterli tədbirlərin görülməsinə baxmayaraq, COVID-19 səbəbindən dünyada sanitar-epidemioloji vəziyyət qənaətbəxş deyil. Lakin buna baxmayaraq, ayrı-ayrı ölkələr mübarizə strategiyası çərçivəsində müvafiq tədbirlər görür, ardıcıl addımlar atırlar. Məqsəd bəşəriyyətin xilasına müvəffəq olmaqdır”. Bu fikirləri “Xalq cəbhəsi”nə açıqlamasında politoloq Nurlan Qələndərli deyib. Onun sözlərinə görə, Azərbaycan koronavirus pandemiyası ilə mübarizə çərçivəsində məqsədyönlü tədbirlər həyata keçirir, effektiv strategiya tətbiq edir: “Təsadüfi deyil ki, beynəlxalq təsisatlar, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanın pandemiya ilə mübarizə modelini mütərəqqi nümunə kimi dəyərləndirirlər. Bütün hallarda nəzərə almaq lazımdır ki, pandemiya şəraiti davam edir və dövlət tərəfindən həyata keçirilən tədbirlərə ictimai dəstəyin davam etdirilməsi strateji zərurətdir. Məsələn, qarşıdan gələn Ramazan ayı çərçivəsində kütləvi yoluxmaya səbəb olacaq davranışlardan çəkinmək lazımdır. Xüsusilə də, Ramazan ayında kütləvi tədbirlərin keçirilməsi cəmiyyətin sağlamlığını təhlükə altına atmaq deməkdir”.

“Hər kəs cəmiyyət, dövlət qarşısında fərdi və vətəndaş məsuliyyəti daşıdığını unutmamalıdır. Fərdi məsuliyyət ictimai immunitetin gücləndirilməsi vasitəsidir. Ona görə də ənənəvi qorunma qaydalarına, tələb və tövsiyələrə ciddi şəkildə riayət edərək dövlətin COVID-19-a qarşı mübarizəsinə töhfə və dəstəyimizi verməliyik. Bu məqsədlə kütləvi yoluxmanın qarşısını almaq üçün məhdudlaşdırma və digər bu tipli qərarlar qəbul ediləcəyi halda, anlayışla qarşılayaraq öz üzərimizə düşən öhdəlikləri tam yerinə yetirməliyik. “Gözügörünməz düşmən”lə mübarizədə qələbə qazanmaq vətəndaş-dövlət birliyindən keçir”,-deyə politoloq Nurlan Qələndərli əlavə edib.

Əli Zülfüqaroğlu