Masallıda şəhid qardaşların xatirəsinə həsr olunmuş tədbir Hadisə

Masallıda şəhid qardaşların xatirəsinə həsr olunmuş tədbir

Erməni işğalçılarının 30 ildə xalqımızın başına gətirdiyi müsibətlərə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Şanlı Ordumuz 44 günə son qoydu. Bu, haqq, ədalət savaşında şəhidlərimiz də oldu. Müqəddəs qanlarıyla bizə Zəfər sevinci yaşadanlar sırasında Masallı elinin igid oğulları - Nurlan və İntiqam Əsgərlilər də böyük hünər göstərdilər. İndi onların adları Vətənə, torpağa sədaqət rəmzinə dönərək dillərdən düşmür. Nurlan Aprel döyüşlərində, İntiqam isə ikinci Qarabağ müharibəsində yağı düşmənə qarşı qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucaldı. İntiqam yaşca böyük qardaşdır. O, Şuşa şəhəri uğrunda gedən döyüşlərdə göstərdiyi şəxsi igidliyə görə ölkə rəhbərinin müvafiq Sərəncamına əsasən ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.
Masallı Rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrının incəsənət kollektivi Dövlət Regional Kollecinin istedadlı tələbələri ilə birgə qardaşların əziz xatirəsinə həsr edilmiş “Cəsur ürəklər” adlı virtual ədəbi-bədii kompozisiya nümayiş etdirdilər. Öncə səhnəyə çıxan teatrın rejissoru C.Əliyev şəhid qardaşların həyatı və şərəfli döyüş yolundan bəhs edən monoloq söylədi. Sonra tələbələrin ifasında həzin musiqi parçaları altında vətənpərvərlik və şəhidlərə ehtiram ruhunda şeirlər səsləndi.
Şəhid qardaşların anası Ziba Əsgərli kompozisiyanın təşkilinə, eləcə də övladlarının xatirəsinin əziz tutulması və göstərilən dərin ehtirama görə mərkəzin rəhbərliyinə, teatrın kollektivinə, tələbələrə və digər əməyi keçənlərə öz dərin təşəkkürünü bildirdi.
Bəli, aqillər deyirlər ki, Vətən onun yolunda şəhid olmağı bacaran cəsur, mərd, igid oğulların çiynində Vətən olur. Xalq da onları zaman-zaman qəlbində yaşatmaqla, adlarını həmişə uca tutur. Masallıda keçirilən “Cəsur ürəklər” adlı ədəbi-bədii kompozisiya bu böyük sevgidən irəli gəlirdi.

Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü