Dağlar diyarının igid oğlu Hadisə

Dağlar diyarının igid oğlu

Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda edib şanlı zəfər salnaməmizə adını yazan Əliqismət Mükafat oğlu Yaqublu dağlar diyarı Lerik rayonunun Kələxan kəndində anadan olub. Əsl azərbaycanlı adət-ənənələrinə söykənən ailə mühitində böyüdüyü üçün Vətənə, doğma torpağa məhəbbət onun qəlbinə hopmuşdu. Əliqismətin ağlı kəsəndən yurda saf hisslərlə bağlılığı onun parlaq gələcəyindən xəbər verirdi. Vətən ondan ötrü hər şeydən əziz idi və elə bu ilahi sevgiyə tapınmaqla yağı düşmənin ədalətsiz təcavüzü, əzəli yurd yerimiz Qarabağın işğalı köksündə gəzdirdiyi ürəyə dağ boyda yük olur. Əliqismət Vətən torpaqlarını azad görmək məqsədilə taleyini hərblə bağlayır. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirib mükəmməl bilik və bacarığa malik bir Vətən sevdalısı kimi 2015-ci ildə “N” saylı hərbi hissəyə Azərbaycan Silahlı Qüvvələrinin leytenantı kimi təyinat alır. Vətən, torpaq naminə seçdiyi çətin, olduqca şərəfli peşənin ən sadiq, etibarlı yolçusu olmaq üçün bacarığını əsirgəmir. Qarabağın düşmən tapdağında olduğu bir vaxtda Əliqismət qaynar bölgələrdə, daha doğrusu cəbhə xəttində düşmənlə qarşı-qarşıya dayanmaq, məqamı gələndə döyüşə atılıb ona qan qusdurmaq istəyir. İstəyini yerinə yetirirlər. Aprel döyüşləri başlanır, düşməndən qisas almaq zamanı gəlir. Əliqismət sonadək müharibə meydanında olur, işğalçılara matəm libası geyindirə bilir. Və bundan sonra da düşmənlə döyüşüb işğal edilən hər qarış torpağının qisasını almağa and içir.
Əliqismət Yaqublu xidmət etdiyi hərbi hissələrdə döyüşkən, mərd, cəsur, əsgərinə sədaqətli komandir olaraq sevilir. Baş leytenant rütbəsinə layiq görülür. Bir müddət bölgələrimizdən birində Xüsusi Təyinatlı Qüvvələrinin xidmət rəisi vəzifəsini icra edir.
Vətənin qalib şəhidi ikinci Qarabağ müharibəsində sözün əsl mənasında tarix yazır. Murovdağda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Laçında, Şuşa şəhərinin düşmən tapdağından təmizləməkdə böyük şücaət göstərir. Neçə-neçə yaralını alovun içindən çıxardır. Vətənin yağı düşməndən azad olması üçün bütün qüvvəsini qoyur. Arzusuna çatacaq bir addımlıqda, 5 noyabr 2020-ci ildə namərd gülləsi onun ürəyinə dəyir. 28 yaşında milyonların ürəyinə köçür.
İndi Əliqismətin halal ailə ocağında Əliəsgər və Məmməd adında iki igid böyüyür. Artıq onlar ataların kim olduğunu başa düşürlər. Ələsgər qəhrəman atadan yadigar qalan “Azərbaycan Bayrağı” ordenini, “ Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” medallarını döşünə taxanda özünü əsgər sayır. Və babası Mükafat kişini qucaqlayıb deyir: “Baba, mən də böyüyəndə atam kimi Vətənə layiqli oğlu olacağam”.

Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü