Elektron kommersiya üzrə qlobal satışlar dünya topdansatış bazarını sıxışdırır - Təhlil Hadisə

Elektron kommersiya üzrə qlobal satışlar dünya topdansatış bazarını sıxışdırır - Təhlil

Elektron kommersiya üzrə qlobal satışlar dünya topdan satış bazarını sıxışdırır.

Ilkin hesablamalara əsasən, 2021-ci ildə elektron kommersiya satışlar ümumi topdansatış bazarının 17,5 faizini təşkil edib. Elektron kommersiyanın gələcəyi sabit görünür və onun azaıması üşün hər hansı bir əlamət müşahidə olunmur. 2021-ci ildə dünya elektron kommersiya bazarının həcminin 4,9 trilyon dollara çatması gözlənilir. Beş il ərzində isə elektron kommersiya bazarına tələbatın 8,2 faiz artması planlaşdırılır. 2021-ci ildə artım tempi 19,5 faiz, növbəti iki il ərzində 45,8 faiz, 2024-ci ilədə isə 21,8 faiz təşkil edəcək.

Bununla yanaşı, fiziki mağazalar bunları nəzərə almalı və öz bizneslərini onlayn platformaya keçirmək üçün bu infrastrukturu istifadə etməlidir. Çünki getdikcə artmaqda olan elektron kommersiya sənayesi fonunda fiziki mağazalar rəqiblərinə üstün gəlmək şanslarını itirirlər. Onlar həm də internetdə öz mövcudluqlarını təmin etməlidir, əks halda evdən rahat alış-verişə üstünlük verən çox sayda müştəri itirəcəklər.

Azərbaycanda elektron kommersiyanın inkişafına gəldikdə, qeyd etmək lazımdır ki, bu istiqamətdə ölkədə müvafiq işlər aparılır. Belə ki, iyunun əvvəlində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarları onlayn satış sahəsində dəstəkləmək üçün "www.kobmarket.az" platformasını işə salıb. Bu portal elektron kommersiya konsepsiyası əsasında onlayn mağaza kimi fəaliyyət göstərir.

Bundan başqa, Prezident İlham Əliyevin 21 sentyabr 2016-cı il tarixli "Azərbaycanda istehsal olunan malların vahid bazasının yaradılması haqqında" sərəncamına əsasən "Azexport" resursu yaradılıb. 2021-ci ilin əvvəlindən mayınadək "Azexport" 164,2 milyon dollar dəyərində ixrac sifarişləri yerinə yetirib. Ümumilikdə 52 aylıq fəaliyyəti müddətində portal 145 ölkəyə 2,359 milyard dollar dəyərində qeyri-neft məhsulu tədarük edib. 2021-ci ilin aprelində "Azexport"un ən çox ixrac etdiyi məhsullar pambıq, pomidor, kartof, soğan, toyuq əti, quru süd, pambıq yağı, toyuq yumurtası və çay olub.

Bu il Media Təhlil Mərkəzi Azərbaycanda xüsusi karantin rejimi dövründə onlayn sifariş və çatdırma xidmətlərindən istifadə etmiş respondentlər arasında sorğu keçirib. Sorğuda 502 nəfər iştirak edib. Müəyyən olunub ki, 38,8 faiz respondent çatdırma xidmətlərinin keyfiyyətindən razı qalıb. Rəyi soruşulanların 48,6 faizi bildirib ki, nadir hallarda onların sifarişi vaxtında çatdırılmayıb. Daha 12,6 faiz isə bildirib ki, onların sifarişi arzuolunan formada çatdırılmayıb.

Ümumilikdə respondentlərin 74,1 faizi onlayn sifariş xidmətlərindən ayda 5 dəfəyədək, 21,3 faizi 10 dəfə, 4,6 faizi isə 10 dəfədən çox istifadə edib. 2 faiz respondent xüsusi karantin rejimi dövründə qida məhsulları, 7,2 faizi məişət texnikası və elektrik avadanlıqları, 8 faizi kosmetika və təmizləyici vasitələr, 19,7 faizi yemək, 43,6 faizi geyim və ayaqqabı, 19,5 faizi digər məhsullar sifariş edib.

Qeyd edək ki, Mərkəzi Bankın hesabatına əsasən, 2021-ci ilin ilk dörd ayı ərzində Azərbaycanda debet və kredit kartları ilə 380 milyon manat məbləğində 7 milyona yaxın əməliyyat keçirilib. Bu əməliyyatlardan 6 milyonu (346 milyon manat) debet kartlarının, 995 mini (34 milyon manat) kredit kartlarının payına düşüb.

Sonda qeyd edək ki, bütün mütərəqqi işlər müəyyən çətinliklərlə tətbiq olunur, bu və ya digər prosesin inkişaf etməsi üçün tələb və təklif göstəricilərinin artması lazımdır. Beləliklə demək olar ki, Azərbaycanda elektron kommersiya vasitəsilə satışlar reallaşdırılır, amma bu, hələlik inkişaf mərhələsindədir.

Zeyni Cəfərov

Trend-in iqtisadiyyat şöbəsi

(Tərcümə: Orxan Nəbiyev)