Özbəkistan telekanalında Quba və Şamaxı haqqında reportaj yayımlanıb Mədəniyyət

Özbəkistan telekanalında Quba və Şamaxı haqqında reportaj yayımlanıb

Özbəkistanın “Mədəniyyət və Mərifət” telekanalında Azərbaycanın Quba və Şamaxı rayonları haqqında reportaj yayımlanıb.

Videomaterial bu yaxınlarda Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə bir qrup özbək jurnalistin Azərbaycana mediaturu çərçivəsində hazırlanıb. Onların arasında olan jurnalist Nazira Boymuradova Quba, rayon ərazisindəki abidələr haqqında məlumat verir. Bildirilir ki, Quba həm də xalça və kilimləri, eləcə də dadlı alması ilə məşhurdur.

Jurnalist reportajda Quba Soyqırımı Memorial Kompleksi haqqında söhbət açır. Bildirilir ki, Xatirə Kompleksi 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə ucaldılıb. Qubada aşkar edilən kütləvi məzarlığın yanında ucaldılan Memorial Kompleksdə tarixi sənəd və faktlar əsasında zəngin muzey yaradılıb. Muzeyin ekspozisiyasında 1918-ci il mart-iyul aylarında Bakı quberniyasının beş qəzasında – Bakı, Şamaxı, Quba, Cavad və Göyçayda müsəlman əhalinin soyqırımı tarixi öz əksini tapıb.

Sonra jurnalist Qubadakı dəmirçi məhəlləsində Fəxrəddin Şükürovun emalatxanasında olub, onunla söhbət edib.

Verilişdə Azərbaycan xalçaçılıq sənəti haqqında da danışılır. Qeyd edilir ki, bu sənətin dörd min illik tarixi var. Jurnalist Quba-Şirvan, Gəncə-Qazax, Qarabağ və Təbriz xalçaları haqqında da məlumat verir.

Nazira Boymuradova, həmçinin Şamaxıdakı qədim Cümə məscidi haqqında söhbət açır. Bildirilir ki, ermənilər 1918-ci ildə məscidi yandırıblar, insanlar həlak olub, nadir kitablar məhv edilib. Məsciddə son restavrasiya işləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 2010-2013-cü illərdə aparılıb.