Gənc memarların yaradıcılıq sərgisi keçirilib Mədəniyyət

Gənc memarların yaradıcılıq sərgisi keçirilib

Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü ilə əlaqədar oktyabrın 18-də Yeni Azərbaycan Partiyasının İcra Katibliyində gənc memarların yaradıcılıq sərgisi keçirilib.
Sərginin açılış mərasimində çıxış edən YAP icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov 18 oktyabr – Dövlət Müstəqilliyi Günü münasibətilə təbriklərini çatdırıb. O bildirib ki, Azərbaycan xalqı xoşbəxtdir ki, onun müstəqil dövləti var. Dünyada 3 minə qədər xalqın olduğunu deyən YAP icra katibinin müavini vurğulayıb ki, onların yalnız 200-nün dövləti var. Bu mənada Azərbaycan xalqı xoşbəxtdir.
Azərbaycanın müstəqilliyə gedən yolunun çox çətinliklərdən keçdiyini deyən Siyavuş Novruzov qeyd edib ki, 1991-ci ildə müstəqilliyimiz elan olunan zaman cəmiyyətimizdə vəziyyət normal deyildi. Belə ki, 1990-cı illərin əvvəlində Azərbaycan dərin siyasi, sosial-iqtisadi böhran keçirirdi, ölkədə xaos, anarxiya baş alıb gedirdi, digər tərəfdən torpaqlarımız Ermənistan tərəfindən işğal olunurdu. Azərbaycan məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir şəraitdə xalqımız nicat yolunu ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıtmasında görürdü. Həmin dövrdə Azərbaycanın anarxiya, parçalanmaq və məhv olmaq təhlükəsi, iqtisadi tənəzzül, beynəlxalq təcrid ilə üzləşdiyini diqqətə çatdıran icra katibinin müavini ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizin bu bəlalardan xilas olaraq inkişaf yoluna qədəm qoyduğunu, ictimai-siyasi sabitliyin bərpa edildiyini, respublikamızda mühüm siyasi və iqtisadi islahatların həyata keçirildiyini, neft strategiyasının reallaşdırıldığını, cəbhədə atəşkəsin əldə olunduğunu, nizami ordu quruculuğu prosesinə başlandığını, cəmiyyətin inkişafı üçün fundamental əsasların yaradıldığını bildirib.
Qeyd edilib ki, Ulu Öndərin işləyib hazırladığı müasir, müstəqil dövlət quruculuğu konsepsiyası müasir Azərbaycanın uğurlarının bünövrəsində dayanaraq gələcək inkişafın, misli görünməmiş uğurların əsasını qoyub. Bu gün Heydər Əliyev siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan ötən illər ərzində böyük inkişaf yolu keçib, iqtisadiyyat artıb, əhalinin sosial rifahı yüksəlib, ölkəmizin beynəlxalq müstəvidə mövqeyinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Bu gün müstəqilliyimizin 28-ci ildönümünü qeyd edirik və bununla qürur duyuruq. Prezident İlham Əliyev öz siyasəti ilə dövlətimizin və xalqımızın maraqlarını ən yüksək səviyyədə qoruyur. Buna görə də ötən illər ərzində müstəqil dövlətimiz güclənib, beynəlxalq müstəvidə nüfuzu əhəmiyyətli dərəcədə artıb. Dövlət başçısının həyata keçirdiyi islahatlar çox uğurlu nəticələr verir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva öz fəaliyyəti ilə dövlətimizin daha da güclənməsinə xidmət edir. Onun xüsusilə sosial sahədə həyata keçirdiyi tədbirlər xalqımız tərəfindən yüksək qiymətləndirilir. Müstəqil dövlətimizin güclənməsində Yeni Azərbaycan Partiyası və onun üzvləri də fədakarlıq göstərir.
Bu sərginin də rəmzi məna daşıdığını deyən S.Novruzov vurğulayıb ki, burada gənc memarlar Azərbaycanın gələcəyini necə gördükləri haqqında ekspozisiya təqdim edirlər. Bu yaradıcılıq nümunələri Bakı Mühəndislik Universitetinin tələbələri tərəfindən hazırlanıb. O, əminliyini ifadə edib ki, bu gənclər öz fəaliyyəti ilə gələcəkdə müstəqil ölkəmizə layiqincə xidmət edəcəklər.
Tədbirdə çıxış edən Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov rəhbərlik etdiyi ali məktəbin fəaliyyəti haqqında məlumat verib. O deyib ki, bu sərgidə universitetin 27 tələbəsinin 40-a yaxın əl işi təqdim olunur. Rektor sərginin təşkilinə görə Yeni Azərbaycan Partiyasına təşəkkür edib.
Tədbirdə, həmçinin Bakı Mühəndislik Universitetinin tələbələri, gənc memar-dizaynerlər Əli Həsənbəyli və Jalə Əhmədova çıxış ediblər.
Sonra sərgidə əl işləri təqdim olunan gənc memar-dizaynerlərə sertifikatlar təqdim olunub.