Azər Paşa Nemətov Gürcüstanın Milli Teatr Günündə ölkəmizi təmsil edib Mədəniyyət

Azər Paşa Nemətov Gürcüstanın Milli Teatr Günündə ölkəmizi təmsil edib

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov Gürcüstanın Milli Teatr Günü və Qax Dövlət Gürcü Dram Teatrının 40 illik yubileyi münasibətilə qonşu ölkədə səfərdə olub. Tədbirlə bağlı təəssüratlarını bildirən Azər Paşa Nemətov deyib ki, Qax Dövlət Gürcü Dram Teatrı Gürcüstandan kənarda olan yeganə teatrdır: “Teatrın 40 illik yubileyinin qeyd olunması Gürcü Teatr Günü çərçivəsində təşkil olunmuşdu. Bu yubiley bizim üçün xüsusi əhəmiyyət kəsb edir və tədbir çox yüksək səviyyədə təşkil olunmuşdu. Mərasimdə Gürcüstan Prezidentinin adından məktub oxundu, Təhsil, Elm, Mədəniyyət və İdman naziri teatr truppasının üzvlərini yubiley münasibətilə təbrik etdi, onlara peşəkar fəaliyyətlərində uğurlar arzuladı. Səfərdə gürcü teatrının ən müqtədir sənətkarları ilə, o cümlədən böyük teatr rejissoru Robert Sturua ilə görüşdüm, birgə yaradıcı əlaqələrlə bağlı çox faydalı müzakirələr apardıq. Eyni zamanda, yubiley mərasimində çıxış etdim, teatr ictimaiyyəti adından təbrikimizi çatdırdım. Bildirdim ki, iki dost ölkənin bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində çox uğurlu əlaqələri var, əminəm ki, əlaqələr bundan sonra daha da inkişaf edəcək”.
Xalq artisti Azər Paşa Nemətov əlavə edib ki, hazırda mədəniyyət sahəsinin tərkib hissəsi kimi Gürcüstan və Azərbaycan arasında teatr əlaqələri də intensiv şəkildə davam edir: “Artıq iki ilə yaxındır ki, biz Gürcüstan Teatr Cəmiyyəti ilə yaradıcılıq və qarşılıqlı əlaqələr istiqamətində memorandum imzalamışıq. Bu proses çox aktiv davam edir. Onu da deməliyəm ki, birgə qastrol səfərləri ilə bağlı maraqlı müzakirələrimiz oldu. Gürcüstan teatr ictimaiyyətinin Akademik Milli Dram Teatrına, onun kollektivinə və repertuarına böyük marağı var. Ona görə də yaxın aylarda teatrımızın kollektivinin Gürcüstana qastrol səfəri nəzərdə tutulub”.
Qeyd edək ki, 1981-ci ildə Qax rayonunun Əlibəyli kənd Mədəniyyət evində gürcü dram dərnəyi yaradılıb. Kollektiv 1985-ci il mayın 31-də xalq teatrı adını alıb. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 16 dekabr tarixli Sərəncamı və Nazirlər Kabinetinin 2005-ci il 22 fevral tarixli qərarı ilə teatra dövlət statusu verilib.