Caz ustası İsfar Sarabski Almaniyada Mədəniyyət

Caz ustası İsfar Sarabski Almaniyada

Azərbaycanlı caz ifaçısı İsfar Sarabski fevralın 8-də Almaniyanın Qşvend (Gschwend) şəhərində konsert proqramı ilə çıxış edəcək. Bu barədə Almaniyanın “reservix” internet portalında məlumat yer alıb. Məlumatda İsfar Sarabskinin yaradıcılığından söz açılır, onun bu il, həmçinin Hamburq şəhərində yerləşən Elb Filarmoniyasında və “Musiqi Qışı” festivalında çıxış edəcəyi nəzərə çatdırılır.
Portalda Almaniyada yaşayan həmyerlimiz, məşhur caz ifaçısı Əzizə Mustafazadə haqqında da məlumat verilir. Onun da 1994-cü ildə “Musiqi Qışı” festivalında iştirak etdiyi qeyd olunur. Əzizənin vətənindən olan musiqiləri öz dəstxətinə uyğun şəkildə ifa etdiyi bildirilir, atası Vaqif Mustafazadənin hələ 1950-ci illərdən etibarən ənənəvi musiqiləri caz ilə sintez etməyə başladığı, Azərbaycanda cazın əsasını qoyan insanlardan biri olduğu vurğulanır. Azərbaycan musiqisində bu ənənələr əsasında yeni nəslin formalaşdığı, onların arasında İsfar Sarabskinin də olduğu qeyd olunur. Sarabskinin özünü Azərbaycanın musiqi ənənələri ilə sıx bağlı hiss etdiyi, tar aləti ilə ifaları sintez etdiyi diqqətə çatdırılır. Xüsusi istedada malik olan gənc ifaçının hələ 19 yaşında olarkən Montre Caz Festivalının qalibi olduğu, Asiya, Avropa və Amerikada keçirilən festivallarda daim iştirak etdiyi vurğulanır.