Əlincə qalası Mədəniyyət

Əlincə qalası

Culfa rayonu ərazisində yerləşən Əlincə qalası düşmənə qarşı xalq müqavimətinin simvolu kimi tarixdə öz layiqli yerini tutub. Belə ki, qala Əmir Teymurun qüdrətli ordusuna qarşı 14 il inadla müdafiə olunub. Ulu öndərimiz Heydər Əliyev qalanın tariximiz üçün əhəmiyyətini vurğulayaraq deyib: “Əlincəqala və bir çox belə abidələr Naxçıvanın qədim Azərbaycan torpağı olduğunu, azərbaycanlıların burada əsrlərlə, min illərlə yaşayıb yaratdığını göstərir”. AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikirlər “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinin yaradılmasının 6-cı ildönümü münasibətilə muzeydə keçirilən tədbirdə səsləndirilib.
Tədbirdə çıxış edən Culfa Rayon Mədəniyyət Şöbəsinin müdiri Pərvin Həsənov qeyd edib ki, müstəqillik illərində muxtar respublikanın digər tarixi abidələri kimi, Əlincəqala da yenidən elmi əsaslarla bərpa olunaraq xalqımıza qaytarılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 2005-ci il 6 dekabr tarixli Sərəncamının icrası ilə əlaqədar muxtar respublika ərazisindəki tarix və mədəniyyət abidələri qeydə alınıb pasportlaşdırılarkən Əlincəqala haqqında da məlumatlar toplanılıb.
Vurğulanıb ki, bu abidə 2007-ci ildə dünya əhəmiyyətli abidələrin siyahısına daxil edilib. 2014-cü ilin 11 fevral tarixində isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin sərəncamın icrası ilə bağlı burada elmi əsaslarla bərpa işlərinə başlanılıb və 2016-cı ilin 17 iyun tarixində “Əlincəqala” tarixi abidəsinin və muzeyinin açılışı olub. Tədbirdə çıxış edən muzeyin direktoru Kamal Gülmalıyev və Əlincə kənd tam orta məktəbinin tarix müəllimi Əsgər Məmmədov Əlincə qalasının tarixi haqqında geniş məlumat veriblər. Çıxış edənlər qeyd edib ki, bu gün Əlincə qalanın zirvəsində Azərbaycanın üçrəngli bayrağı dalğalanır. Bu bayraq qalanın möhtəşəmliyini təbliğ etməklə yanaşı, həm də Əlincənin milli birliyimizin, həmrəyliyimizin simvolu olduğunu nümayiş etdirir. Sonda tədbir iştirakçıları üçün muzeydə ekskursiya təşkil edilib.