Fövziyə Zuari: “Azərbaycanda qadınlara yüksək status verilib” Mədəniyyət

Fövziyə Zuari: “Azərbaycanda qadınlara yüksək status verilib”

Filmin ideyasını Azərbaycan səfirinə təqdim etdik və səfir bu ideyanı müsbət qarşıladı. Beləliklə, filmin çəkilişi üçün Azərbaycana getdik və həqiqətən də bu səfər hər birimiz üçün gözlənilməz və gözəl sürpriz oldu. Ölkənizə heyran olduq. Bu fikirləri AZƏRTAC-a müsahibəsində Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində premyerası keçirilən “Azərbaycan-sivilizasiyaların kəsişməsində” sənədli filminin nümayişindən sonra bu filmin təşəbbüskarı, rejissoru, eləcə də Beynəlxalq Frankofoniya Təşkilatının dəstəyi ilə yaradılmış Qadın Frankofon Yazıçılar Parlamentinin sədri Fövziyə Zuari söyləyib.
Bildirib ki, ölkədə bütün sektorlarda qadınların olmasına heyran olub. Cəmiyyətdə qadınların xüsusi yeri olması sevindiricidir. “Ölkənizdə bütün sektorlarda qadınlarla rastlaşdıq. Bu elə ilk andan məni valeh etdi. Xüsusilə də etnik və dini icmalar arasındakı münasibətlərə heyran oldum. Azərbaycan dünyəvi ölkədir və dünyəviliyi çox qiymətləndirirəm. Azərbaycanda qadınların öz hüquqlarını yaşadıqlarının şahidi oldum və buna çox sevindim. Tunisdən-ərəb ölkəsindənəm. Çox təəssüflər olsun ki, nə mənim ölkəmdə, nə də digər ərəb ölkələrində sizdə gördüyümüz mühit yoxdur. Digər müsəlman ölkələrində sizdəki kimi qadınlara yüksək status verilməyib”,-deyə F. Zuari diqqətə çatdırıb.
“Azərbaycan-sivilizasiyaların kəsişməsində” sənədli filmini dostu rejissor Bualem Gueritli ilə birlikdə hazırladıqlarını bildirib. F.Zuari ölkəmizə səfəri ilə bağlı xoş təəssüratlarından söz açıb. Qeyd edib ki, ölkəmizlə bağlı xoş xatirələri var. Film haqqında eşidənlər və ona baxanların hər biri Azərbaycana gedəcəklərini bildiriblər.