Azərbaycan  Novruzu və milli dəyərlər - 2-ci yazı  Mədəniyyət

Azərbaycan  Novruzu və milli dəyərlər - 2-ci yazı 

Azərbaycan mədəniyyəti tarixində Novruz bayramı əbədiyaşar, tarixi və çağdaş bir abidə olaraq diqqəti çəkir

2-ci yazı

Xalqımızın Novruz ənənəsinə görə, hər bir kəs ilin axır çərşənbə gecəsində - ilin axırıncı axşamında öz evində olmalıdır. İnanca görə, bir Novruzu öz evində, öz yurdunda keçirə bilməyən insana 7 il öz evində bayram keçirmək qismət olmaz. S.Qasımovanın fikrincə, bu, o deməkdir ki, Novruzdan kənarda qalmaq cəmiyyətdən, Vətəndən, yurddan ayrı düşmək kimi anlaşılıb. Novruz da bir bayram mərasimi kimi kütləvi şənliklə, sevinc və coşğu ilə bağlıdır. İnanca görə, Novruz bayramında kədərlənmək, qəmlənmək, qüssə çəkmək, qaşqabaqlı gəzmək, acıqlanmaq olmaz. Əks halda insan bütün il boyu bu vəziyyətlərdə qalar. Novruz geniş mənada iştirakçıların hamısının qabaqcadan bildiyi müəyyən hərəkətlərin və sözlərin icrasından ibarət mərasimdir. O, mövsüm mərasimidir; hər vaxt keçirilməz, onun öz vaxtı var, mart ayında, qışın yaza keçid vaxtında icra olunur. Novruz bir mərasim növü kimi, yəni dar mənada, bayramdır, ildəyişmə bayramıdır. Novruza aid olan nə varsa – hamısı mərasim ənənələridir.
Xalqımız minillərdən bəri ağlında yaşatdığı, yaşamına gətirdiyi bütün gözəl duyğularını həmişə Novruzla bağlayıb, mənalandırıb. Ona görə ki, bayramın başlanğıcı – yaranışı ifadə etməsinə inanılıb. Bu yaranış inancda təbiət-insan birliyinin ifadəsi kimi anlaşılıb. A.Xəlilin fikrincə, hər bir xalqın həyatında əlamətdar günlərin qeyd olunması ənənəsi var. Türk xalqlarının da əlamətdar günlərini bildirən anlayışların geniş əhatəli olması belə bir zəngin ənənənin mövcudluğunu göstərməkdədir. Bunların içində “toy”/”tuy”/”tuyun”/ ”düyün”, “şölən”, “yəğma” və s. anlayışlarla yanaşı “bayram”/“bəyrəm” sözü də işlənməkdədir. Xalqın həyatındakı ən əlamətdar günlərdən biri də bayramlardır. Hər xalqın özünə görə bayram adət və ənənələri olduğu kimi bayram anlayışının da öz dilində mənası var. XI əsrdə Kaşqarlı Mahmud bu sözü “bedhrem” kimi “Divan”ında izah edib və oğuzların onu “bayram” şəklində işlətdiklərini qeyd edib. Kaşqarlının verdiyi izaha görə “bayram əylənmə, gülmə halıdır.
Baharın gəlişi, havaların istiləşməsi, qarların əriməsi, təbiətin canlanması bütün insanlara olduğu kimi, türklərə də dərin təsir edib, həyəcanlandırıb və bu dəyişikliyi müxtəlif mərasimlərlə qeyd etmələrinə səbəb olub.
Başqa bir inanca görə, Novruz bayramında kədərlənmək, qəmlənmək, qüssə çəkmək, qaşqabaqlı gəzmək, acıqlanmaq olmaz. Əks halda insan bütün il boyu bu durumda qalar.
Əcdadlarımızdan gələn düşüncə tarixən ruhumuzun özünəgüvənliyini, yenilməz nikbinliyini yaradıb. O deməkdir ki, xalq bayramı o dərəcədə ruhunun doğması olaraq yaradıb, görüb, cilalayıb, inanıb ki, onu bütövlükdə mərasim mədəniyyətinin özülünə çevirib, öz davranışlarını bayram kuralları ilə nizamlayıb. Bu, artıq xalqımızın ruhunun ifadəsi olan, heç bir xalqda rast gəlinməyən davranışlar sisteminin bayram-mərasim kompleksindən güc alması demək olub.
Azərbaycan mədəniyyəti tarixində Novruz bayramı əbədiyaşar, tarixi və çağdaş bir abidə olaraq diqqəti çəkir. Bu bayram mənəvi mədəniyyət abidəsi olaraq milli mədəniyyət tariximizdəki başqa abidələrdən özünəxas cəhətlərinə görə fərqlənir. Bayram yaşına, yaşama gücünə görə ilk sırada duran mədəniyyət abidəsidir. Xalqımızın mədəniyyət tarixində böyük abidələr olub, onlar bütün hallarda tarixin müəyyən dövrləri, konkret epoxalar, zaman kəsimləri ilə bağlıdır. Ancaq bu abidələr içərisində tarixi hamısından qədim olsa da, heç vaxt “qocalmayan”, daim cavanlaşan bir abidə - Novruz bayramı var. Araşdırma və gedişatdan görünür ki, dünya tarixinin bir-birinə zidd ideologiyaları olan epoxaları biri digərini əvəz etdikcə Novruz bayramı nəinki aradan qalxmayıb, varlığını daha böyük coşğu ilə sürdürüb, müxtəlif dinlər, fərqli sivilizasiyalar, ruhuna zidd olan ideologiyalarla döyüşlərdən qalib çıxıb.
M.Təhmasib yazır ki, Novruz bayramı öz mərasimləri ilə birlikdə zaman-zaman Azərbaycanda hakim kəsilmiş dinlərin hamısından çox sadə təsərrüfat bayramı, yəni qışın yola salınması, yazın qarşılanması mərasimi olub. Məhz elə buna görədir ki, xalqımız müxtəlif dinlərin, məzhəblərin, siyasi sistemlərin, ayrı-ayrı hökmdarların təsis etdikləri onlarca bayramları, mərasimləri unudub, bunu isə insanı əməyə, zəhmətə, maddi nemətləri yaratmağa çağıran təsərrüfat bayramı kimi əsrlər boyu yaşadıb, indi də hər il həvəslə gözləyir, hörmətlə qarşılayır, xüsusi bir məhəbbətlə icra edir.
Azərbaycanda Sovet hakimiyyəti zamanı Novruzla bağlı qadağalar olsa da, xalqımız onillərlə bu bayramı ağlında-ürəyində qoruyub, yaşadıb. C.Qasımov yazır ki, 1930-cu illərin sərt qadağaları, zorakı sistem “Novruz”un meydan mərasimlərini müvəqqəti zaman kəsiyində sıradan çıxarsa da, bu milli bayramı bütövlükdə yaddaşdan silə bilmədi. Əslində, bu, mümkün də deyildi. Novruz bayramı xalqın qan-gen yaddaşı ilə bağlıdır. Bu bayram tarixən türk etnosunun təşəkkül və formalaşma prosesinin zəruri ünsürü, əsas tərkib materiallarından biri olduğu üçün bir xalq olaraq ümumtürk-oğuz kütləsindən diferensiasiya edən Azərbaycan xalqının etnopsixoloji yaddaşının üzvi elementidir. Başqa sözlə, Novruz qədim Azərbaycan türkünün yaddaşına kənardan gətirilməyib, etnosun fiziki-psixoloji təcrübəsinin içindən inkişaf edərək mentalitet sisteminin zəruri, ayrılmaz struktur səviyyəsinə çevrilib.
Tarixən Azərbaycan milli dövlətçilik ənənəsində Novruz bayramı xüsusi yer tutub. Alman alimi Adam Oleari (1599-1671) XVII əsrin birinci yarısında Səfəvilər dövlətinin tərkibində olan Şamaxıda Novruz bayramında iştirak edib, xalqın, dövlət adamlarının bu bayramı necə böyük coşğu ilə keçirdiyinin şahidi olub. O yazır ki, bayram münasibəti ilə bizim bəzilərimiz təbrik üçün xanın, kələntərin və digər cənabların yanına yollandıq və onların böyük ziyafət məclislərində iştirak etmək üçün dəvət olunduq: “Astroloq tez-tez stolun arxasına keçir, öz üstürlabı ilə Günəşi müşahidə edir, saata baxır, beləliklə, Günəşin gecə ilə gündüzün bərabərləşəcəyi məqama çatacağı anı gözləyirdi. Elə ki, arzu olunan dəqiqə çatdı, o bunu bərkdən elan etdi. Dərhal hərbi toplardan yaylım atəşi açıldı, şəhərin qala divarları və bürclərin hər yerində gərənay səsləndi, təbillər çalındı və beləliklə böyük şənlik başlandı”.
Məşhur Azərbaycan aktyoru H.Sarabski “Köhnə Bakı” adlı əsərində çar dönəmində Bakı şəhərində Novruz bayramının böyük coşğu ilə keçirilməsindən yazır, ayrıca vurğulayır ki, Novruz bayramı Bakıda başqa bayramlardan dəfələrlə artıq bir təntənə ilə keçirilərdi.
Novruz bayramı ilə bağlı mərasim ənənələri dedikdə İlaxır çərşənbələrlə bağlı, sosial birlik və paylaşma, tamaşa, oyun, mətbəx ənənələri nəzərdə tutulur. İnanca görə Novruz ərəfəsində hər bir evdə aparılan təmizlik işləri yenilənmə ilə bağlıdır. Yəni ki, bayramda təkcə ilin təzələnməsi yox, bütünlükdə köhnə ili yaşamış hər kəsin, hər şeyin təzələnməsi inancı var. O deməkdir ki, insanlar yaşadıqları evi, həyəti təmizləyib təzələdikləri kimi, ruhlarını da hər cür çirkinliklərdən təmizləyib, yeni ilə yenilənmiş, ruhən, mənən yenidən doğulmuş halda keçirlər. Təzə pal-paltar ilin hansı dövründə alınmasından asılı olmayaraq, ilaxır çərşənbədə – Novruz ərəfəsində üzə çıxarılardı. Sınıq, yararsız bir şey evdə qalardısa, bu, yeni ildə sınıqlığa, yararsızlığa, uğursuzluğa səbəb olardı.
S.Qasımova vurğulayır ki, ilaxır çərşənbələrlə bağlı ev təmizlənməsi adi günlərdə olan təmizlik olmayıb, öz inanc əsaslarına malik mərasimi ənənədir. Novruzda təkcə zaman, həyət-baca, ev-eşik, bağ-bağat təzələnmir, il ərzində insanlar, tayfalar, qonşular , nəsillər və s. sosial qruplar arasında baş vermiş konfliktlər həll edilir. Bunun əsasında inanc durur. Novruz inancına görə, əgər küsülülər, düşmənlər Novruzda barışmasa, bu halda həmin konflikt onların iradəsindən, istəyib-istəməməklərindən asılı olmayaraq, 7 il davam edəcək. Bu isə 7 il sosial gərginlik, düşmənlik içərisində yaşamaq deməkdir. Adətən barışıq təklifi günahkar tərəfdən gəlir. Ağsaqqallar işə qarışır və konflikt tərəflərini barışdırmaqla sosial tarazlığı bərpa edirlər.
Novruzda “Bayramlaşma” adəti fərdlərin (ayrı-ayrı insanların), sosial qrupların (ailələrin, qonşuların, nəsil ağsaqqallarının), yaş qruplarının (kiçiklərin böyükləri) və s. bir-birini təbrik etməsi şəklində olur. “Bayramlaşma” insanlar arasında olan ilişgilərin daha da möhkəmlənməsi, doğmalığın artmasına səbəb olur.
Novruzdakı oyunlar mahiyyətcə əyləncəviliyə köklənsə də, həm də bayramdan gələn müəyyən qənaətlərin ilk növbədə uşaqların ağlında oturuşmasına, yaddaş tərbiyəsinə xidmət edir. Kosanın qışı simvolizə etməsi bir sıra formatlarda özünü göstərir: üzünün tüksüzlüyü – qışın çılpaqlığını formaca ifadə edirsə, “Yediyim yarma aşı, Yarısı sudur” deyib qarnına işarə etməklə də qarnının – bətninin yarısının sudan ibarət olduğunu bildirməsi də qışın qarını-suyunu bildirir. Həmçinin Kosanın pulu və yeməyi olmadığı da qış azuqəsinin qurtarmasını, “uzun səfər” isə doqquz aylıq səfəri – doqquz aydan sonra bir də dekabrda qış qiyafəsində “yeddi qat paltarla” gələcəyini göstərir.
Ş.Albalıyevin fikirləri maraq doğurur. Yazın, baharın rəmzi olan keçinin səhnəyə gəlməsi, Kosa (qış) üçün pay yığması və Kosaya (və köməkçi Kosaya) verməsi də insanların demək olar, sonuncu qış ehtiyatlarını xərcləyib qışın uzun və üzücü yolunda sərf etmələrinə işarədir. Bundan başqa, tamaşanın finalında Kosanın öldürülməsinə və Kosanın köməkçisinin onun meyiti üstünə yıxılıb ağlamasına camaatın şən gülüşlə reaksiya göstərmələri də buradakı ölümün və ağlamağın simvolik səciyyə daşıdığını – qışın ölümü və onun üzərində qələbə çalmış keçinin və balalarının timsalında yazın gəlişinə sevinmələrini əks etdirir.
Azərbaycan mədəniyyəti çox zəngin ənənələrə malikdir. Zənginliyimiz tariximizin qədimliyindən, böyüklüyündən irəli gəlir. Novruz bayramının Azərbaycan dövlətçilik ənənələrinin inkişafında ən böyük rolu Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 64-cü sessiyasında martın 21-nin bütün dünyada “Beynəlxalq Novruz günü” elan edilməsidir. Burada ən əlamətdar cəhət ondan ibarətdir ki, dünyanın bir çox ölkələrində üç yüz milyondan çox insanın Novruz bayramını qeyd etməsinə baxmayaraq, BMT-də qəbul olunmuş bu qərar məhz Azərbaycan dövlətinin təşəbbüsü ilə baş tutub.

Elçin Qaliboğlu
filologiya üzrə fəlsəfə doktoru