“Dünyanın himni uşaq qığıltısıdır” adlı yeni kitab Mədəniyyət

“Dünyanın himni uşaq qığıltısıdır” adlı yeni kitab

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) tərəfindən həyata keçirilən “Yaradıcı oxucularımız” layihəsinə qoşulan yazıçı və şairlər qələmə aldıqları əsərlərini təqdim etməkdə davam edirlər. Yasamal rayon MKS-dən bildirilib ki, Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü, H.Zərdabi mükafatçısı, M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasının fəxri oxucusu Gülzar İbrahimova “Dünyanın himni uşaq qığıltısıdır” adlı yeni nəşr olunmuş kitabını PDF formatında kitabxanaya təqdim edib. Gülzar İbrahimova uşaqlar arasında nağıl yazarı – “Gülzar nənə” kimi tanınır və sevilir. Bu gün dünyanı cənginə alan COVID-19 pandemiyasına qarşı mübarizə və daha çox yoluxmanın qarşısının alınması məqsədilə ölkəmizdə karantin rejimi davam edir. “Dünyanın himni uşaq qığıltısıdır” kitabını ərsəyə gətirən yazıçı “Biz birlikdə güclüyük!”, “Evdə qal Azərbaycan!” çağırışına dəstək olduğunu bildirir.
Kitabın adı körpələrimizin qorunmasını, qayğısına qalınmasını təbliğ edən “Sehrli dünya” jurnalının loqotipindən götürülüb. Yeni nəşr 3-6 yaşlı uşaqlar üçün nəzərdə tutulur. Bu kitabda Gülzar İbrahimovanın “YouTube” kanalında bir milyon baxış toplamış “Dəcəl Keçəl” nağılı, 4 şeir-nağılı, 18 şeiri və 1mahnısı toplanıb. “Dəcəl Keçəl” nağılı əyləncəli və gülməli olmaqla yanaşı, Xeyirin Şərə qalib gəlməsini, “Dost və Düşmən” şeir-nağılı isə dostluğu və rəhmliliyi təbliğ edir. “Tortu kim oğurladı” şeir-nağılı gülməli və əyləncəli, “Evcik-evcik” şeir-nağılı oyuncaqların qonaqlığından bəhs edir. Şeirlər sadə, uşaq dilində yazılıb. Bu kitabı oxuyan balalarımız vaxtlarını səmərəli keçirərək, maraqlı və məzəli əhvalatlarla tanış olacaq, sevinəcək, öyrənəcək və darıxmayacaqlar.