Qarabağ bayatı ifaçılığı Mədəniyyət

Qarabağ bayatı ifaçılığı

Bayatı folklorumuzun ən geniş yayılmış, lakonik, təsirli və oynaq janrlarından biridir. Hər bir folklor nümunəsi, o cümlədən bayatılar xalqımızın adət-ənənəsini, etnoqrafiyasını, həyat tərzini, bütövlükdə dünyagörüşünü əks etdirir. Bayatı Qarabağ folklorunun ən işlək janrlarındandır. Toplama zamanı elə bayatı ifaçıları ilə rastlaşırdıq ki, onların repertuarında 30-40, bəzən daha çox bayatı vardı. Hətta bir ifaçımızın repertuarından 120 bayatı mətni qeydə almışıq. Söyləyicilərin verdiyi məlumatlara görə, əvvəllər qadınlar hansısa səbəbdən bir yerə yığılanda bayatılar söyləyər, bir-birləri ilə deyişərmişlər. Həmin söyləyicilərdən birinin dediklərini olduğu kimi veririk: “Bir yol yığılmışdıx dedığım bu qarının yanına. Belə 10-12 qızdı, gəlindi. Alax çəhmağa get-mişdıx. Hamı yığılmışıx bi boş otağa. Qarı düşdü ortalığa:

Yeri, yeri, dam üsdə yeri,
Qızıl cam üsdə yeri.
Əyaxların ağrısa,
Çıx sinəm üsdə yeri.

Bizdən bir gülüş qopdu. Qarıdan nə sözdər çıxır. Biri də çıxdı birin oxudu:

Mən belə dosdu neynirəm,
Dosd mənnən küsdü, neynirəm?
Özü xayın, qəlbi pisdi,
Mən belə dosdu neynirəm?

Söyləyici yuxarıdakı bayatıları deyərkən qəfildən coşdu, əllərini sinəsi bərabərinə qaldırıb çırtıq çala-çala, avazla oxumağa başladı. Onun bu hərəkəti o qədər qəfil alındı ki, biz videonu açmağa belə macal tapmadıq. Biz həmin qadının evində beş gecə qalmışıq. Ən qəribəsi bu idi ki, söyləyici qadın əvvəlki üç gün ərzində çox utanmış, yalnız bizə isinişdikdən sonra danışmağa başlamışdı. Ailə üzvlərinin yanında danışmaq istəməmiş, ikimiz tək qaldığımızda suallarımızı cavablandırmışdı. Onu da qeyd edək ki, müxtəlif bölgələrimizdə folklor toplayarkən dəfələrlə ailə üzvlərinin yanında danışmağa utanan, yalnız qaldığımızda isə xeyli mətn danışan söyləyicilərlə qarşılaşmışıq.
Yeri gəlmişkən qeyd edək ki, qarabağlılar arasında bayatı deyən kişi söyləyicilərlə də az rastlaşmadıq. Düzdür, onların repertuarı qadın söyləyicilərlə müqayisədə bir qədər kasıbdır, amma bu hal digər bölgələrimizə nisbətən Qarabağ sakinləri arasında daha geniş yayılıb.
Biz bayatını folklor kitablarından şeir kimi oxumağa adət etmişik. Ancaq folklor toplayanlar yaxşı bilirlər ki, klassik ənənədə bayatı mətni şeir kimi deyilmir, mahnı kimi oxunur. Qarabağ bölgəsinin söyləyiciləri də bayatıları xüsusi avazla söyləyirdilər. Amma həmin söyləyicilərin bir qismindən bayatı söyləməyi xahiş etdiyimizdə sanki şeir deyirdilər. Eşitdikləri kimi söyləmələrini istədiyimizdən sonra isə avazla oxumağa başlayırdılar. Bunun bir səbəbi onların utancaqlıqları idisə, əsas səbəb bayatı söyləmək ənənəsinin zəifləməsi ilə əlaqədardır. Bir qism söyləyicilər isə elə əv-vəldən avazla oxuyurdular. Buna əksər regionlarımızda “bayatı çağırmaq” deyirlər. Bəzən söyləyicilərə bayatı deməklərini xahiş etdiyimizdə, “A bala, cavansan, ürəyin xarav olar”, “Bayatı deməyə başladımsa, gözümdən yaş çıxacaq” kimi cümlələr eşidirdik.
Qeyd edək ki, bəzi söyləyicilər bayatı çağırarkən ənənəvi bayatı formasından kənara çıxırdı-lar. Bunu tamamilə təbii hal saymaq olar. Çünki həmin anda söyləyicinin əsas məqsədi öz hisslərini ifadə etmək olduğundan o, formaya qətiyyən fikir vermir. Bayatının strukturunun dəyişilməsi, əsasən, özünü üçüncü misrada – sərbəst misrada göstərir. Formadan kənara çıxmaları kursivlə vermişik:

Bulağın başiynən,
Divinin daşiynən.

Yol bilmədim balama qurvan, yol bilmədim, iz bilmədim, əvin tanımırdım, saat 4-də üsdümə bir xəvər gəldi:

Getdim bacı görmağa
Gözümün yaşiynən.
Xoruzum ban səsinə,
Dan verər ban səsinə.
Ay qardaş, sən yatıf inildiyeydın
Mən deyəydim “can” səsinə.

Bəzən söyləyici bayatını tam söyləyə bilmir, iki bayatını qarışdırır, bir bayatı kimi deyir:

Bu gecə ayazdımı?
Bulut yox, ayazdımı?
Al qələmi əlına
Gözəli gözələ yaz.

Açıq-aşkar görünür ki, bu bayatının əvvəlki iki misrası bir bayatıya, son iki misrası isə başqa bayatıya aiddir.
Bəzən də söyləyici bayatını hansısa bir əhvalatla əlaqələndirib deyir: “Bostana oğru gəlir. Kişi də yatıf. Atdarı tərpədifdilər ki, kişini qorxutsunnar. Kişi duruf bunları qovalamasın də. Bular tərpətdikcə o da yellənirmiş. Yelləndikcə deyirmiş:

Qarabağda bağ olmaz,
Qara salxım ağ olmaz.
Mənim kimi dərtdinin
Ürəyində yağ olmaz

Müharibədən gəlmiş invalit adamdı. Bular da. Yazıx neynəsin. Dərt döy ki? Duruf qovalıya bilmir ki, bostanı yoluşdurma”.
Onu da qeyd edək ki, bəzən söyləyicinin dediyi bayatıdan məlum olur ki, bu parça hansısa situ-asiya ilə əlaqəli deyilib. Amma ya söyləyici həmin hadisəni danışmayıb, ya da toplayıcı həmin his-səni artıq sayaraq mətndən çıxarıb atıb. Bu da mümkündür ki, toplayıcı bayatının hansı hadisə ilə bağlı deyildiyini soruşmağı unudub. Aşağıda verdiyimiz misal bu qəbil bayatılarımızdan biridir:

İsmət durduğu yerdə,
Boynun burduğu yerdə.
Namərd, əlin qurusun
İsməti vurduğun yerdə.

Söyləyici bayatını bəzən ifa prosesində yaradır. Təbii ki, bu cür bayatılar toplandığı anda ka-mil sənət nümunəsi ola bilmir:

Gəlifsınız, yerınız var.
Döşəyiniz var, dörünüz var.
Məni qəbul eliyif gəlifsınız
Gözüm üsdə yerinız var.

Qarabağdan toplanmış bayatıların bir qismi də mifoloji dünyagörüşü ilə əlaqəlidir. Aşağıda misal kimi verdiyimiz bu bayatı Ay və Günəşlə bağlı dolaşan mətnləri yadımıza salır:

Ay doğdu peşman-peşman
Gün çıxdı oldu ona düşman.
Ürəyimdə bir dərdim var
Nə dost bilir, nə də düşman.

Bəzən məşhur Azərbaycan bayatılarının bir qədər fərqli şəkilləri ilə üzləşirdik. Məsələn, Ağabəyim ağaya aid olduğu iddia olunan:
Mən aşiqəm Qarabağ,
Şəki, Şirvan, Qarabağ.
Aləm Tehran cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ
− bayatısını:
Aşıx deynən Qarabağı,
Yovşandı Qarabağı.
Cənnət Təhrana dönsə,
Yaddan çıxmaz Qarabağı −
şəklində qeydə aldıq.

Bəzi folklorşünasların fikrincə, Azərbaycan bayatıları daha çox “əzizinəm”, “eləmi”, “mən aşiq” kimi kəlmələrlə başlanır. Folklorşünas alim V.Vəliyev yazır ki, Azərbaycan bayatılarında başqa türkdilli xalqlarda olmayan formal bir əlamət var: bizim bayatılarımız əsasən “əzizinəm”, “eləmi”, “mən aşıq” kimi şablon kəlmələrlə başlanır. Biz folklor nümunələri toplayarkən belə “şablon” kəlmələrlə başlanan bayatılarla az rastlaşdıq. Qeydə aldığımız bayatılar, əsasən, aşağıdakı tipli cümlələrlə başlanır:

Ay başına döndüyüm,
Gün başına döndüyüm.
Sənin kimi ölənnən
Var başına döndüyüm?
Sarı çiçək əlimdə,
Sahatım biləyimdə.
Allah, məni öldürmə
Arzum var ürəyimdə.

Onu da qeyd edək ki, bu tipli bayatıları daha çox yaşlı nəslin dilindən eşidirik. Və qeydə aldığımız bayatıların çoxusu da belə “şablon” kəlmələrsiz başlanır. “Şablon” kəlmələrlə başlanan bayatıları daha çox orta yaşlılardan və gənc nəslin nümayəndələrindən qeydə almışıq. Görünür, bu televiziyanın və kitabların təsiri ilə bağlıdır. Onu da qeyd edək ki, regiondan qeydə alınmış ba-yatıların bir qisminin misralarında hecaların sayı yeddi yox, yeddidən artıq və ya əksikdir.
Mən aşıx belə neylər, (7)
Yel əsər, belə neylər. (7)
Çarxı çönmüş fələy (6)
Adamın axırın beləmi eylər. (11)
Dağları gəzdim, gəldim (7)
Daşdarın düzdüm gəldim. (7)
Gözdədim heş kəs gəlmədi (8)
Əlimi üzdüm gəldim. (7)
Bayatı janrı haqqında söylədiklərimiz Qarabağ folklorunda, eləcə də ümümazərbaycan folklorunda klassik folklorun bu janrının müasir vəziyyəti haqqında müəyyən təsəvvür yaratmağa imkan yaradır.
Qarabağın bayatı ifaçıları ilə ünsiyyətdə olarkən bayatının deyilmə məqamları və formaları haqqında da xeyli informasiya aldıq. Bununla bağlı tam təsəvvür əldə etmək üçün Qarabağ sakinlərindən birinin yas məclisində də iştirak etdik. Söyləyicilərin “Məjlis olanda yadıma düşür. Onda deməsəm, bağrım çatdar. Amma tini olmasa, yadıma düşmür də, bala”, “Dolu vaxdımda deyirəm. Ancax yas yerrərində demişəm, ayləmin, uşağımın yanında deməmişəm heç. Bayatı çoxdu, amma fikrimi cəmliyə bilmirəm”, “Birdən gejə ağrılarım tutanda karavatın üsdündə o qədir bayatılıyıram, yadıma gəlir, birdən də yadımnan çıxır. Gejə mən bayatılamağa başdıyanda səhərədək baya-tılayıram. Di gəl indi yadıma düşmür” kimi gileyləri bayatının konteksti məsələsinə işıq tutur. Yəni söyləyici bayatını həmişə söyləyə bilmir, bunun üçün özləri demiş, “tini gəlməlidir”.
Söyləyicilər bayatının deyilmə formaları haqqında da xeyli məlumat verdilər. Gərənaylamaq əlini qulağının dibinə qoyub yüksək səslə ağı deməkdir. Bu zaman misraların sonuna lay-lay artırılır. Gərənaylamaq olduqca yüksək səs tələb edir. Amma yas məclislərində gərənaylamaq o qədər də yaxşı qarşılanmır. Çünki bu, el arasında ölünü urvatdan salmaq kimi qiymətləndirilir. Söyləyicilərin dili ilə desək, “yasda əyaxnan oxumaq lazımdır”.
Yas məclislərində yanıqlı səslə bayatı deməyə ediləmək deyirlər. Söyləyicilər təklikdə, alçaq səslə, ağlaya-ağlaya bayatı söyləməyi ediləmək adlandırırdılar. Onlar bəzən inək sağarkən oxumağa da ediləmək deyirdilər. Bu bölgədə dodağının altında, yalnız özünün eşidə biləcəyi tərzdə bayatı söyləmək gümüldənmək adlandırırılır.
Hüzür yerlərində deyilən bayatıları ağu adlandıran söyləyicilər eyni zamanda qeyd etdilər ki, ağı, adətən, bir qadın tərəfindən deyilir. Ağının bəhr forması da var. Bəhri də, adətən, bir adam oxumağa başlayır. Hər misranın sonuna “Şahüseyn, Vahüseyn” kəlmələri artırılır ki, bunu məclisə yığışan qadınlar xorla, əllərini dizlərinə vura-vura deyirlər.
Bölgədən qeydə aldığımız ağıların bir qismi də sintaktik paralelizm formasındadır. Bu tipli ağılar bayatı formasında deyilməsə də, cümlələr sanki qafiyəlidir. Söyləyicilər bu cür “qafiyələri” bəzək vermək adlandırırdılar:

Duranda yerə naz eliyən,
Gedəndə boyuna naz eliyən,
Gedəndə yerişi göyçək,
Gələndə gülüşü göyçək,
Gözəlliyi güldən götürən,
Ağlığı qardan götürən ...

Yas aparmaq üçün kənardan gətirilən qadınları bölgədə ağıbaşı adlandırırlar.

Ləman Vaqifqızı (Süleymanova)
filologiya üzrə fəlsəfə doktoru