Kərbəlayı Mİrməhəmməd Mədəniyyət

Kərbəlayı Mİrməhəmməd

Kərbəlayı Mirməhəmməd Mirbaba oğlu Mircavadov – (04.10.1953, Bakı – 18.01.2021, Bakı) – xanəndə, muğam bilicisi və keçmiş rəqqas olub.
Atası Mirbaba Mirməhəmməd oğlu (1931–2003) Xızının Qarabulaq kəndində doğulub. O, 50-ci illərdə ailəliklə Bakıya köçmüş və Yasamalda məskunlaşmışlar.
Mirməhəmməd 21 saylı məktəbdə orta təhsil alıb (1960–1970). Yeniyetmə yaşlarında bir müddət keçmiş 26 Bakı Komissarı adına Mədəniyyət Evində Xalq artisti Böyükağa Məmmədovun rəhbərlik etdiyi rəqs dərnəyinin üzvü olub. Eyni zamanda fərdi şəkildə Ağababa Novruzovdan (1932–1993) xanəndəlik sənətinin sirlərinə yiyələnir və toya-düyünə ayaq açır.
Hərbi xidmətini başa vurduqdan sonra (1972–1974) ömrünün sonuna kimi Abşeron və Xızı toylarının bəzəyinə çevrilir. Dərin muğam bilicisi, ustad tar ifaçısı, Əməkdar artist Valeh Rəhimovdan da muğamlarda çoxunun bilmədiyi bir sıra az işlənən şöbə-guşələri öyrənir. Söyləyirdi ki, muğamlarımız o qədər zəngindindir ki, öyrəndikcə tükənmir. O, muğamları daha mükəmməl öyrənmək üçün A.Zeynallı adına Bakı Musiqi Texnikumunda təhsil alır (1987–1992). Burada Xalq artisti Hacı Ağaxan Abdullayevin tələbəsi olur, eyni zamanda Xalq artisti Hacıbaba Hüseynovun da dərslərində iştirak edir, ondan da çox bəhrələnir. Mirməhəmməd Mircavadov xanəndə kimi Türkiyə, İran, Polşa və keçmiş SSRİ-nin bütün müttəfiq respublikalarında mədəniyyətimizi layiqincə təmsil etmişdir.
O, dinli-imanlı və təqvalı musiqiçi idi, müqəddəs Məşhəd və Kərbəla ziyarətlərində olmuşdur.
Əruz vəznini, şeriyyəti gözəl bilməsi onun muğam ifaçılığında böyük uğur qazanmasına səbəb olur. Yüksək musiqi duyumu, gözəl qaval çalması, oxuduğu qəzəlləri aydın tələffüz etməsi Mirməhəmmədin pərəstişkarlarının sayını gündən-günə artırırdı.
M.Mircavadov vaxtaşırı müxtəlif telekanallarda muğamat və xalq mahnılarımızdan ibarət repertuarla konsertlər verirdi. Bir sözlə, Mirməhəmməd Mircavadov milli musiqi mədəniyyətimizin yorulmaz təbliğatçılarından idi.
O, “Zirvə” Ziyalılar Təşkilatının təsis etdiyi “Ustad xanəndə” diplomuna layiq görülüb.
Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və İSESKO-nun Xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın baş redaktoru olduğu “Muğam ensiklopediyası”nda bir sıra ustad xanəndələrlə yanaşı, M.Mircavadov haqqında da müsbət rəy və məqalə yazılmışdır (2008, s. 88-89).
Kərbəlayı Mirməhəmməd təkcə ustad xanəndə deyildi, o, incəsənətin bir çox sahələri ilə məşğul olmuşdu. Ara-sıra şeirlər, qəzəllər də yazır, ifa edirdi. Soruşanda bu qəzəl kimindir? Təvazökarlıq edib deyirdi: “Bir nəfər var, şair deyil, özü üçün elə-belə yazır, xoşuma gəldi, mən də ara-sıra həmin qəzəlləri oxuyuram”. Bildirmişdik ki, Kərbəlayı Mirməhəmməd yeniyetmə çağlarında rəqs sənətinə də yiyələnmiş və çox gözəl rəqs edirdi. Rəqs sənəti ilə məşğul olarkən özünə çəkmələr sifariş verir, lakin səhnədə oynayarkən çəkmələrin keyfiyyətindən narazı qalır. Qərara gəlir ki, özünə çəkmə hazırlasın. Rəqqas olduğundan gön-dəri seçərkən öncə onun elastikliyinə fikir verirdi. Çəkmənin boğazını isə xüsusi sapla boğurdu. Deyirdi ki, “rusların işlətdiyi “sapoq” (sap+boğ) sözü də bizə məxsusdur. Çəkməni ayağa geydikdə mütləq boğazını sapla boğmaq lazımdır”. Kərbəlayı Mirməhəmməd həmçinin pəncə və dabanların sərbəstliyi üçün çəkmə daxilində müəyyən vakum yaradır ki, rəqs zamanı dırnaq üstə hərəkətləri dinamik və çevikliklə icra edə bilsin. Rəqqas dostları onun yorulmadan dırnaqüstü hərəkətləri uzunmüddətli ifa etdiyinə təəccüblənirlər. Kərbəlayı Mirməhəmməd bunun sirrini onlara izah edir və çəkmələri özünün hazırladığını söyləyir. Daha sonra digər rəqqaslar da ona belə çəkmələr hazırlamağı sifariş verirlər. O, tez-tez nəinki Azərbaycanın digər şəhərlərindən, həmçinin Dağıstandan, Gürcüstandan, Özbəkistandan, Türkiyədən sifarişlər alırdı. Amma bu işlə Kərbəlayı Mirməmməd əsasən toylar seyrəldikdə, yəni qışda, Məhərrəm və Ramazan aylarında məşğul olurdu. Kərbəlayı Mirməhəmmədin musiqiçilər arasnda bir gözəl xüsusiyyəti ilə də seçilirdi. O, yarım saat ərzində qoyunu kəsib, soyur, doğrayır. Sonra da ləzzətli kabab çəkirdi, bu işindən də böyük həzz alırdı. Deyirdi: “Məşhəd, Kərbəla ziyarətlərində olmuşam, Allah qismət eləsin, Həcc ziyarətində də olum, qurbanı orada öz əllərimlə kəsib paylayım”. Heyif, Seyid-Peyğəmbər övladı olan Kərbəlayı Mirməhəmməd ulu babalarının ziyarətinə gedə bilmədi və bu arzusuna yetişmədi. Əmisi oğlu, Əməkdar məşqçi, Prezident təqaüdçüsü və “Şöhrət” ordenli futbolçu Ağasəlim Mircavadov bildirir: “Çox arzulayırdıq ki, zəhrimar koronovirus bitdikdən sonra ilk Həcc ziyarətinə gedənlərin arasında oğlumla bərabər Mirməhəmməd də olsun”...
Allah ustad xanəndə Kərbəlayı Mirməhəmməd Mircavadova rəhmət eləsin, ruhu şad, yeri cənnət-məkan olsun, AMİN!
Məqaləmi tanınmış tarixçi-etnoqraf, şair, ssenarist, hərbçi (e.o. polkovnik-leytenant) Rəfail Oğuztürk Dağlının Mirməhəmməd Mircavadova həsr etdiyi “Xanəndə desin” qəzəli ilə tamamlayıram.
Xanəndə desin
Ey könül, qoyma təkəbbür mənə barəndə desin,
Ram ol, hər eybimi iman sənin öhdəndə desin!
Həmd olsun Allaha! İmana büründünsə, könül,
Mənliyimdən mənə vicdan dil açıb səndə desin!
Büt kimi cansız olan taxt ilə tacdan nə şəfa?!
Xalqın istəklərini Xaliqə pak bəndə desin!
El üçün əsli nəcabətlilərin qəlbi yanar,
Coş könül! Dil də həqiqətləri sayəndə desin!
Sığın Allaha, Rəfail, düzü yaz, doğrunu yaz,
Xalqa hikmətləri avaz ilə xanəndə desin!
Abbasqulu NƏCƏFZADƏ
sənətşünaslıq elmləri doktoru, professor
[email protected]