Beynəlxalq Novruz elmi araşdırmalar konfransı Mədəniyyət

Beynəlxalq Novruz elmi araşdırmalar konfransı

Folklor İnstitutu ilə Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun (İKSAD) birgə təşkilatçılığı ilə onlayn formatda IV Beynəlxalq Novruz elmi araşdırmalar konfransı keçirilir. Folklor İnstitutundan bildirilib ki, tədbirdə əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himni və istiqlal marşı, eləcə də Qarabağ şikəstəsi səsləndirilib. İKSAD-ın sədri Mustafa Lətif Əmək konfransı açaraq iştirakçıları Novruz bayramı münasibətilə təbrik edib, onlara işlərində uğurlar arzulayıb.
Sonra konfransın Fəxri sədri, Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov çıxış edərək Azərbaycanda Novruz ənənələrindən, onun xalq mədəniyyətində yerindən və milli bayram kimi rəsmi status almasında ümummilli lider Heydər Əliyevin rolundan danışıb. Akademik vurğulayıb ki, qardaş Türkiyə hər zaman – həm çətin, həm xoş günündə Azərbaycanın yanında olub. Türk xalqının mənəvi dəstəyi ilə qazandığımız zəfərin ardından Qarabağın yenidən qurulması istiqamətində dirçəliş hərəkatı başlayıb. Novruz bayramının da mahiyyətini köhnənin tədricən aradan çıxması, yeninin bərqərar olması təşkil edir: “Biz erməni vandalları tərəfindən darmadağın edilmiş, daşı daş üstündə qalmayan Qarabağımızı yenidən qurmaq, yaratmaq istəyirik. Bu quruculuq yönündə öz qollarımızı Türkiyəyə və bütün qardaş dövlətlərə və xalqlara açaraq, həm mədəniyyət, həm təhsil, həm də iqtisadi dirçəliş hərəkatında onlarla bir yerdə olmağı arzulayırıq. Bu baxımdan bu gün 10-dan çox ölkədən 200-dən artıq məruzəçinin qatıldığı konfransın elmi dəyərindən başqa siyasi-ictimai, geniş mənada beynəlxalq əhəmiyyəti də vardır”.
Konfransın Azərbaycan üzrə Təşkilat Komitəsinin sədri, Folklor İnstitutunun “Dədə Qorqud” şöbəsinin müdiri, professor Ramazan Qafarlı çıxışında Novruz bayramının tarixi və mifoloji köklərindən, bir mədəni hadisə kimi ümumbəşəri mahiyyətindən bəhs edib. Alim Novruzu barış, bərabərlik, dostluq və qardaşlıq bayramı kimi səciyyələndirib.
Konfransın Türkiyə üzrə Təşkilat Komitəsinin sədri, Niğde Halisdəmir Universitetinin professoru Mustafa Talas bildirib ki, baharı müjdələyən, yenidən doğuşu anladan, gözəllikləri ifadə edən Novruz bayramına bu il Qarabağın zəfəri ilə giririk. Konfransın Türkiyə üzrə Elmi Komitəsinin sədri, Qazi Universitetinin professoru Necati Demir Novruzu bütün türk dünyasının ortaq bayramı adlandırıb və musəvi, xristian, müsəlman, eləcə də şamanist türklər tərəfindən qeyd edildiyini vurğulayıb. Konfransın Azərbaycan üzrə Elmi Komitəsinin sədri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı, professor Mahirə Hüseynova Novruzun yenilik, gözəllik, oyanış və dirçəliş bayramı olduğunu qeyd edərək, dirçələn Qarabağın şəhər və kəndlərinin əvvəlkindən də daha gözəl qurulacağına əminliyini ifadə edib.
Sonra Türkiyənin Stratejik Düşüncə İnstitutunun rəhbəri, təqaüddə olan general-mayor, dosent Güray Alpar çıxış edərək, İKSAD-ın təşkil etdiyi bu konfransın gözəl nəticələrə vəsilə olacağına, türk elm dünyasını yeni cığırlara yönəldəcəyinə ümid etdiyini bildirib. Qeyd edək ki, konfransa Azərbaycan, Türkiyə, Bolqarıstan, Macarıstan, Avstraliya, Ukrayna, Pakistan, Livan, Özbəkistan, Rumıniya, Amerika Birləşmiş Ştatları, Rusiya, Hindistan və Çin kimi ölkələrdən müxtəlif elm adamları və ziyalılar qatılıblar.