Sənət dostları Ramiz Əzizbəyli haqqında xatirələrini bölüşüblər Mədəniyyət

Sənət dostları Ramiz Əzizbəyli haqqında xatirələrini bölüşüblər

“Dost itkisi ağırdır, amma bir təsəllim var ki, Ramiz özündən sonra belə əsərlər qoydu”.

APA-nın xəbərinə görə, bunu xalq artisti Ramiz Əzizbəyli ilə vida mərasimində jurnalistlərə Əməkdar artist Elxan Qasımov deyib.

O bildirib ki, R.Əzizbəylinin yaratdığı daim fərqli olacaq: “Biz Ramizi təqdim etmək istəyəndə filan kinonu çəkən, filan obrazı yaradan deyil, Ramiz Əzizbəyli deyirik. Onu hamı xoş hisslərlə xatırlayır və xatırlayacaq. Ramizin itkisi ağırdır, amma biz yaşda insanlar dünyamızı dəyişsək də arxadan cavanlar gəlir. Onlar Azərbaycan kinosunu, Azərbaycan sənətini ölməyə qoymayacaqlar. Bu örnəklərdən biri də Ramiz Əzizbəyli idi”.

Azərbaycan Dövlət Film Fondunun direktoru, kinorejissor Cəmil Quliyev isə Azərbaycan kinemotoqrafiyasının çox böyük sənətkarı itirdiyini vurğulayıb: “Ramiz müəllimin yaratdığı filmlər özünəməxsus forması, dəsti-xətti ilə, rejissor yorumu ilə seçilirdi. Yaddaqalan, Azərbaycan kinosunda duzlu yumoru ilə seçilən rollar yaratmışdı. O, dublyajın mahir ustası idi. Biz onunla Sovet dövründə maraqlı filmlərin dublyajını etmişik. O, süjetlərdə çox istedadlı aktyor kimi çəkilirdi. O, hansı işi öz üzərinə götürürdüsə, onu çox istedadla, məharətlə, böyük qabiliyyətlə yaradırdı. Onun çəkdiyi filmlər, yaratdığı obrazlar hər zaman Azərbaycan tamaşaçısının yaddaşında qalacaq”.