Azərbaycan “Xəzər Neft və Qaz” sərgisində süni intellekt "Aliyə"ni təqdim edəcək İqtisadiyyat

Azərbaycan “Xəzər Neft və Qaz” sərgisində süni intellekt "Aliyə"ni təqdim edəcək

26-cı Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisində 34 ölkədən 290 şirkət iştirak edəcək.

Bunu "İteca Caspian"ın baş direktoru Fərid Məmmədov deyib.

Onun sözlərinə görə, iştirakçıların 24 faizi ilk dəfədir sərgidə iştirak edir:

"Onların əksəriyyəti yerli şirkətlərdir. Bu il sərginin 29 sponsoru var. Sərgiyə maraq ildən-ilə artır. Debütantlar arasında Çin, Rusiya, Almaniya şirkətləri də yer alib. Onlar öz milli pavilyonlari ilə təmsil olunacaqlar.

Stendlərdə neft qaz avadanlıqları, sistem xidmətləri, innovativ avadanlıqlar sərgilənəcək".

F.Məmmədov deyib ki, sərgi yeni texnologiyalarla tanış olmaq üçün və işgüzar əlaqələr qurmaq üçün olduqca önəmlidir:

"Bu il konfransın əsas yeniliyi konfransın mobil əlavəsinin işə düşməsi ilə bağlıdır. Bu mobil əlavə vasitəsi ilə spikerlərə sual vermək mümkün olacaq. Bundan başqa sərgidə SOCAR-ın yeni layihəsi təqdim olunacaq. Bu, süni intellekt "Aliyə" layihəsidir".

Qeyd edək ki, 29 may-1 iyun tarixlərində Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun energetika sektoru üzrə ən irimiqyaslı tədbiri - 26-cı Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisi keçiriləcək. Tanınmış beynəlxalq platforma və regionda neft-qaz sənayesinin əsas tədbiri olan “Xəzər Neft və Qaz” sərgisi hər il Xəzər regionunun əsas neft-qaz layihələrini müzakirə etmək və enerji təhlükəsizliyini təmin etmək üçün ən yüksək səviyyəli rəhbərləri bir araya gətirir.