Azərbaycan dayanıqlı inkişafla bağlı Milli Hesabat təqdim edəcək İqtisadiyyat

Azərbaycan dayanıqlı inkişafla bağlı Milli Hesabat təqdim edəcək

Azərbaycan dayanıqlı inkişafla bağlı Milli Hesabat təqdim edəcək. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bu il regionda ilk ölkə olaraq Azərbaycan ikinci dəfə Yüksək Səviyyəli Siyasi Forumda “Keyfiyyətli təhsil”, “Layiqli əmək və iqtisadi artım”, “Bərabərsizliyin azaldılması”, “İqlim dəyişikliyinə qarşı mübarizə”, “Sülh, ədalət və səmərəli institutlar” və “Məqsədlər üçün tərəfdaşlıq” məqsədləri üzrə ikinci Könüllü Milli Hesabatı təqdim edəcək. Qeyd edilən hesabat İqtisadiyyat Nazirliyi tərəfindən müxtəlif dövlət qurumlarının, vətəndaş cəmiyyətinin, elmi ictimaiyyətinin və özəl sektorun fəal iştirakı ilə hazırlanıb. Azərbaycan regionda və MDB məkanında ilk, ümumiyyətlə isə dünyada ikinci hesabatı təqdim edəcək 14 ölkədən biridir.
Qeyd edək ki, Azərbaycan Respublikası 2015-ci ilin sentyabrında BMT-nin Dayanıqlı İnkişaf Sammitində 2016–2030-cu illər üçün 17 Dayanıqlı İnkişaf Məqsədi (DİM) və 169 hədəfi özündə birləşdirən Qlobal Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulub. Bu məqsədlərdən irəli gələn öhdəliklərlə bağlı işlərin icrasının əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 oktyabr tarixli Fərmanı ilə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb və Şuranın Katibliyin funksiyasının həyata keçirilməsi İqtisadiyyat Nazirliyinə həvalə edilib.
Ötən dövr ərzində ölkəmizdə DİM-lərin səmərəli və əhatəli icrası istiqamətində bir sıra işlər görülüb, 2017-ci ilin iyul ayında Yüksək Səviyyəli Siyasi Forumu üçün “Dəyişən dünyada tərəqqinin təşviqi və yoxsulluğun aradan qaldırılması” tematik planına uyğun olaraq ilk Könüllü Milli Hesabat uğurla təqdim olunub və iştirakçı ölkələrin nümayəndələri tərəfindən müsbət qiymətləndirilib. Azərbaycanın Könüllü Milli Hesabatı ilə bağlı Əsas Məqamlar BMT-nin rəsmi internet səhifəsində (www.sustainabledevelopment.un.org) yerləşdirilib.