Bakıda VI illik Xəzər Texniki konfransı keçirilir İqtisadiyyat

Bakıda VI illik Xəzər Texniki konfransı keçirilir

Oktyabrın 16-da Bakıda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) təşkilatçılığı ilə VI illik Xəzər Texniki konfransı - SPE (Neft-Qaz Sənayesi Mühəndisləri Cəmiyyəti) öz işinə başlayıb. Tədbir “Rəqəmsal transformasiya: Gələcək üçün imkanlar” mövzusunda keçirilir.
Tədbirin açılışında SPE 2020-nin prezidenti, “Petrol Corporation” şirkətinin nümayəndəsi, SOCAR-ın yataqların işlənilməsi üzrə vitse-prezidenti Yaşar Lətifov, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyədə hasilat üzrə vitse-prezidenti Con Stefonson, “Total E&P Azerbaijan” şirkətinin direktoru Dennis Lemarşal, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev və başqaları çıxış ediblər.
Yaşar Lətifov Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən yataqların xəritəsini təqdim edib. Xəritədə göstərilib ki, bu günədək Xəzərin Azərbaycan sektorunda yerləşən yataqlardan 1 milyard 90 milyon ton neft və 713 milyard kubmetr qaz hasil edilib. Qurudakı yataqlardan 979 milyon ton neft və 139 milyard qaz çıxarılıb. Bundan başqa, indiyədək quruda 53 neft-qaz yatağı aşkar olunub ki, onlardan 40-ı bu gün də fəaliyyətdədir. Dənizdə kəşf olunan 28 yataqdan 19-u da hazırda işləyir.
Konfransın mövzusu ilə bağlı fikirlərini səsləndirən SOCAR-ın vitse-prezidenti deyib ki, müasir şəraitdə kəşfiyyat və hasilat kimi proseslərin həyata keçirilməsində müxtəlif həll yollarının, o cümlədən ən qabaqcıl rəqəmsal texnologiyaların tətbiqinə böyük tələbat var. O qeyd edib: “SOCAR bununla bağlı bir sıra uğurlu layihələr və nailiyyətlərlə öyünə bilər”.
BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyədə hasilat üzrə vitse-prezidenti Con Stefonson peşəkar sahələr, mühəndislər, ekspertlər və digərləri arasında təcrübə mübadiləsi baxımından konfransın əhəmiyyətini qeyd edib. O, şirkətin operatoru olduğu “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında rəqəmsal texnologiyaların tətbiqindən bəhs edib.
“Total E&P Azerbaijan” şirkətinin rəhbəri Denis Lemarşal qeyd edib ki, alternativ və bərpaolunan enerji mənbələrindən istifadənin genişlənməsinə baxmayaraq, neft və qaz əsas enerji mənbəyi olaraq qalır. Neft-qaz sektorunda problemlərə və risklərə toxunan natiq yataqların istismarı zamanı onun şirkəti tərəfindən risklərin azaldılması istiqamətində müasir texnologiyaların istifadəsindən danışıb.
Tədbirdə Xəzər regionunda və bütün dünyada peşəkarların təcrübəsinə və qabaqcıl praktikaya əsaslanan dəyişikliklər müzakirə olunub. Bu tədbir peşə ixtisasının artırılması üçün platformadır və iştirakçılar arasında işgüzar əlaqələrin və tanışlıqların yaradılmasına, habelə bilik və təcrübə mübadiləsinə imkan verir.

Son bir neçə ildə yeni texnologiyaların istifadəsi neft-qaz sənayesində dəyişikliklər yaradıb. Bir sıra əməliyyat proseslərinin sadələşdirilməsi, əmək saatlarının azaldılması, avadanlığın daha etibarlı olması və təhlükəsizlik üçün yeni rəqəmsal yanaşmalar tətbiq edilib. “Rəqəmsal transformasiya: Gələcək üçün imkanlar” mövzusu çərçivəsində konfrans iştirakçıları rəqəmsal texnologiyaların neft-qaz sektoruna, həmçinin onun müasir və gələcək rəqəmsal trendlərə və əlavələrinə təsiri məsələlərini nəzərdən keçirəcəklər. Konfrans oktyabrın 18-dək davam edəcək.