Azərbaycanda agentlik yaradılır İqtisadiyyat

Azərbaycanda agentlik yaradılır

Qurum dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi ilə məşğul olacaq

Prezident İlham Əliyev Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.
Fərmanda qeyd edilir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi yaradılsın.
“Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi haqqında Əsasnamə” təsdiq edilir.
“Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 17 yanvar tarixli 479 nömrəli Fərmanının 1-ci hissəsi ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparatına verilmiş funksiyalar Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi vasitəsilə həyata keçiriləcək.
Azərbaycan Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin fəaliyyət istiqamətləri, vəzifələri və hüquqları məlum olub.
Bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi haqqında Əsasnamə”də əksini tapıb.
Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi “Dövlət borcu haqqında” və “Büdcə sistemi haqqında” qanunlara, Azərbaycan Respublikası Prezidentinin müvafiq aktlarına uyğun olaraq, dövlət borcalmalarının həyata keçirilməsini təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə olunmasını, dövlət borcunun təkrar maliyyələşdirilməsini həyata keçirən, vahid xəzinə hesabının sərbəst qalığını və “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu”nun vəsaitini idarəetməyə verən və ya idarə edən, dövlət borcunun, dövlət zəmanətlərinin və xarici dövlətlərin Azərbaycan Respublikasına olan borcunun reyestrini aparan, habelə dövlət qiymətli kağızlarının emissiyasını həyata keçirən Maliyyə Nazirliyinin strukturuna daxil olan qurumdur. Agentlik dövlət borcalmalarının həyata keçirilməsi və dövlət zəmanətinin verilməsi ilə bağlı tədbirlər həyata keçirəcək, dövlət borcalmalarının strategiyasının hazırlanmasında iştirak edəcək, Azərbaycan Respublikası adından kreditlərin verilməsi ilə bağlı tədbirlər həyata keçirəcək, dövlət borcu və dövlət zəmanəti üzrə yaranmış borca xidmət göstərəcək, habelə onların vaxtında qaytarılmasını təmin edəcək. Agentliyin fəaliyyət istiqamətlərinə dövlət borcu portfelini təhlil etmək, dövlət borcu portfelinin strukturunun təkmilləşdirilməsi və dövlət borcunun daha əlverişli maliyyə şərtləri əsasında borcların cəlb edilməsi yolu ilə yenidən maliyyələşdirilməsi məqsədilə tədbirlər görmək, “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu”nun vəsaitini və vahid xəzinə hesabının sərbəst qalığını idarə etmək və ya idarəetməyə vermək, dövlət qiymətli kağızlarının buraxılışı, yerləşdirilməsi şərtlərini işləyib hazırlamaq və emissiyasını həyata keçirmək də daxildir.
Fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifələri müəyyənləşib. Agentlik hər il növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri hazırlanarkən daxili və xarici dövlət borcunun və büdcə ili ərzində veriləcək dövlət zəmanəti məbləğinin yuxarı hədləri (limitləri) barədə təkliflərini hazırlayıb Maliyyə Nazirliyinə təqdim edəcək, dövlət borcuna xidmət xərclərinin, o cümlədən əsas məbləğin və faizin qaytarılması üzrə xərclərin ödənilməsi ilə bağlı vəsait ayrılmasının müvafiq büdcə ili üçün dövlət büdcəsi haqqında qanunda nəzərdə tutulması barədə Maliyyə Nazirliyinə təkliflər verəcək, daxili dövlət borcalmaları məqsədilə buraxılan dövlət qiymətli kağızlarının növləri, satış üsulları, habelə faiz şərtləri, qiymətli kağızların çapı ilə bağlı xərclərin və digər məsələlərin müəyyən edilməsi barədə Maliyyə Nazirliyinə təkliflər verəcək, habelə qeyd olunan məsələlər müəyyənləşdirildikdən sonra onların həyata keçirilməsini təmin edəcək. Dövlət borcalmalarının strategiyasının hazırlanmasında iştirak etmək, müvafiq il üçün dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının qanunu ilə müəyyənləşdirilmiş dövlət borcunun və dövlət zəmanətinin yuxarı hədlərinə (limitlərinə) əməl olunmasını təmin etmək də Agentliyin vəzifələri sırasına daxildir.
Eyni zamanda Agentliyin vəzifələri sırasında dövlət borcuna və dövlət zəmanəti üzrə yaranmış borca xidmət göstərilməsini və dövlət borcunun vaxtında qaytarılmasını təmin edən tədbirlər görmək, dövlət borcalmaları və ya dövlət zəmanəti ilə alınmış vəsaitlərdən təyinatı üzrə istifadəyə nəzarət etmək, dövlət borcundan və ya dövlət zəmanəti ilə alınmış borcdan istifadə qaydalarının pozulması hallarını aşkar etdikdə bu barədə Maliyyə Nazirliyinə məlumat vermək, dövlət borcu və zəmanəti üzrə öhdəliklərin icrasında yaranan problemlərin aradan qaldırılması barədə nazirliyə təkliflər vermək, dövlət borcu və zəmanəti üzrə öhdəliklər yerinə yetirilmədikdə, məhkəmədə iddia qaldırılması üçün nazirlik qarşısında vəsatət qaldırmaq, dövlət borcunun idarə edilməsi zamanı baş verə biləcək itkilərin sığortalanması (qarşısının alınması) və risklərin azaldılması məqsədilə beynəlxalq maliyyə bazarlarında hedcinq əməliyyatlarının həyata keçirilməsi barədə nazirliyə təkliflər vermək, bağlanan sazişlərin şərtlərinə əsasən dövlət zəmanəti ilə alınan kreditlərin ödəniş qrafikini tərtib etmək və bu qrafikə uyğun olaraq kreditlərə xidməti təmin edən tədbirlər görmək, dövlət zəmanəti ilə alınan kreditlərin ödəniş qrafiki üzrə kreditorlar qarşısında borc öhdəliklərini təmin etməyən təşkilatlarla bağlı tədbirlər görülməsi barədə nazirliyə təkliflər vermək, habelə kredit üzrə həyata keçiriləcək növbəti maliyyələşmələrin məhdudlaşdırılması üçün kreditorlara müraciət etmək də yer alıb.
Agentliyin dövlət borcalmasının yuxarı hədləri çərçivəsində daxili və xarici maliyyə bazarlarında dövlət qiymətli kağızlarının emissiyasını həyata keçirmək, onların buraxılışlarını dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim etmək, habelə qiymətli kağızlar bazarlarından dövlət qiymətli kağızların geri alınmasını həyata keçirmək hüququ var.
Agentliyin fəaliyyətinə Maliyyə nazirinin vəzifəyə təyin etdiyi və vəzifədən azad etdiyi direktor rəhbərlik edəcək. Agentlik direktorunun Maliyyə nazirinin vəzifəyə təyin və vəzifədən azad etdiyi iki müavini olacaq.