Azərbaycanın Trans-Xəzər layihəsinə qoşulması ölkənin imicini yüksəldəcək İqtisadiyyat

Azərbaycanın Trans-Xəzər layihəsinə qoşulması ölkənin imicini yüksəldəcək

Türkmənistan qazının Azərbaycan vasitəsilə Avropaya nəqlini nəzərdə tutan Trans-Xəzər boru kəməri layihəsinə bütün iştirakçılar böyük maraq göstərir.
Bunu Trend-ə rusiyalı iqtisadçı ekspert Stanislav Pritçin deyib.
Onun sözlərinə görə, bu layihənin reallaşdırılmasında ilk növbədə Türkmənistan və Avropa maraqlıdır:
“Bu layihə böyük siyasi əhəmiyyət kəsb edir, xüsusilə də Azərbaycanın iştirakı onun regionda və dünyada əhəmiyyətini artırır. Azərbaycan bu layihədə balanslaşdırılmış mövqe nümayiş etdirir və gizlətmir ki, tranzit ölkə qismində çıxış edə bilər. Bununla da Azərbaycan layihəyə qoşulmağa və dəstəkləməyə hazır olduğunu göstərir”.
Ekspert xatırladıb ki, ötən il Xəzərdə trans-sərhəd layihələri barədə Protokol qəbul edilib və bu sənəd bu cür layihələrin reallaşdırılması məsələsini tənzimləyir:
“Bu layihə çərçivəsində ilk növbədə fikirləşmək lazımdır ki, sponsorlar kimdir, çünki bu, ucuz layihə deyil. O cümlədən türkmən qazının Avropa bazarlarına tədarükünün iqtisadi tərəfləri yaxşı işlənməlidir. Azərbaycan öz infrastrukturunu quranadək Avropa bazarında qiymət konyunkturu son dövrlərdə ciddi şəkildə dəyişib. İlk növbədə ona görə ki, Avropaya böyük həcmlərdə mayeləşdirilmiş təbii qaz tədarük olunur və bu da qiymət konyunkturunu pisləşdirir”.
Onun fikrincə, Azərbaycanın bu layihəyə qoşulması ölkənin tranzit ölkə qismində regionda və dünyada imicinə müsbət təsir göstərəcək.
Qeyd edək ki, Trans-Xəzər boru kəməri Türkmənistan qazının Azərbaycan vasitəsilə Avropaya nəqlini nəzərdə tutur.