Əmlakını icarəyə verən şirkətin vergi öhdəliyi İqtisadiyyat

Əmlakını icarəyə verən şirkətin vergi öhdəliyi

Şirkət əmlakını icarəyə verərək gəlir əldə edirsə, hansı vergi növü ödəməlidir? Vergilər Nazirliyinin Media və Kommunikasiya İdarəsindən bildirilib ki, icarəyə verən şəxs rezident müəssisələr və qeyri-rezidentin daimi nümayəndəlikləri olduqda isə onların bu fəaliyyətləri üzrə gəlirlərindən ödəmə mənbəyində vergi tutulmur, icarəyə verən həmin rezident müəssisələr və qeyri-rezidentin daimi nümayəndəlikləri vergi öhdəliyini mənfəət vergisinin ödəyicisi olmaqla ümumi qaydada özləri yerinə yetirirlər. Belə ki, bu fəaliyyətdən əldə edilən gəlirdən həmin gəlirin əldə olunması ilə bağlı çəkilmiş xərclər çıxdıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə mənfəət vergisi hesablanaraq hesabat ilindən sonrakı ilin martın 31-dən gec olmayaraq “Mənfəət vergisinin bəyannaməsi” vergi orqanına təqdim edilməklə həmin müddət ərzində də hesablanmış mənfəət vergisinin məbləği dövlət büdcəsinə ödənilməlidir.
Əmlakın icarəyə verilməsi fəaliyyəti göstərərək ardıcıl 12 aylıq dövrün istənilən ayında vergi tutulan əməliyyatının həcmi 200 min manatdan çox olan hüquqi şəxs növbəti ayın birinci günündən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Əmlakın icarəyə verilməsindən gəlir əldə edən şəxslər bu fəaliyyətlə yanaşı, digər fəaliyyət növləri ilə məşğul olduqda isə digər fəaliyyətdən əldə etdiyi gəlirlərə sadələşdirilmiş vergini tətbiq etmək hüququna malikdir. Bu halda əmlakın icarəyə verilməsi və digər fəaliyyət növləri üzrə əldə edilən gəlirlərin və xərclərin uçotu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparılmalıdır.