Azərbaycan nümayəndə heyəti “Agritechnica-2019” sərgisində iştirak edib İqtisadiyyat

Azərbaycan nümayəndə heyəti “Agritechnica-2019” sərgisində iştirak edib

Almaniyanın Hannover şəhərində “Agritechnica-2019” Beynəlxalq Kənd Təsərrüfatı Texnika və Avadanlıqları sərgisi keçirilir. Sərgi ənənəvi olaraq iki ildən bir təşkil olunur və əhatə dairəsinə, yeniliklərin həcminə görə dünyanın ən böyük sərgilərindən sayılır. Sərgiyə Avropa, Asiya, Amerika qitəsinin böyük maşınqayırma şirkətləri qatılır, təqdim edilən ən son elmi-texniki nailiyyətlərlə 81 ölkədən gələn 450 mindən çox izləyici tanış olur, gələcək əməkdaşlıq münasibətlərinin əsası qoyulur. Sərginin ümumi sahəsi 350 min kvadratmetrdən çoxdur, 2300 şirkət öz məhsullarını təqdim edir.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər ki, builki sərgidə intensiv əkinçilik, torpaqbecərmə, sənaye, laboratoriya texnologiyaları, biotexnologiya avadanlıqları, emal, satış, bitki mühafizə, meşə təsərrüfatı, müxtəlif təyinatlı kənd təsərrüfatı maşın və mexanizmləri, yemçilik, gübrələmə sahəsində əldə olunmuş elmi-texnoloji yeniliklər nümayiş etdirilir. Ümumiyyətlə, əsası 1887-ci ildə qoyulmuş sərgi ildən-ilə genişlənərək ixtisaslaşıb və hər il aqrar sahənin bir istiqaməti üzrə təşkil olunur.
Nümayişə çıxarılmış texnika və avadanlıqlar aqrar sahənin intensiv metodlarla inkişafını, məhsuldarlıq göstəricilərinin yüksəldilməsini, ziyanverici və xəstəliklərdən mühafizə, su, enerji və digər təbii resurslara qənaət olunmasını ehtiva edir. Sərginin ən böyük əhəmiyyəti ondan ibarətdir ki, yaxın illərdə kənd təsərrüfatının texnoloji inkişaf meyllərini müəyyən edir, bu istiqamətdə axtarışları stimullaşdırır. Sərgiyə qatılan minlərlə iştirakçı arasında elmi-texniki, biznes münasibətləri formalaşır, əkinçilik şirkətləri istehsalın təşkilində tələb olunan texnika və avadanlıqları sərgi günlərində müəyyən edir, fermerlər yeniliklərlə tanış olur, istehsalçı şirkətlər isə sərgi günlərində aparılan ünsiyyətin nəticəsi olaraq öz gələcək istehsal planlarını qura bilirlər.
Aqrar sektorun sürətli inkişafını təmin etməyə çalışan Azərbaycan hər dəfə sərgidə fəal iştirak edir, sərgiyə qatılan dövlət və özəl sektor nümayəndələri yeniliklərin ölkəmizə gətirilməsi üçün danışıqlar aparır və görüşlər keçirirlər. Builki sərgidə iştirak edən nümayəndə heyətində Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Nicat Nəsirli, “Aqrolizinq” ASC-nin əməkdaşı Aytəkin Məmmədova, eləcə də əkinçilik sahəsində fəaliyyət göstərən yerli aqropark nümayəndələri təmsil olunurlar. Azərbaycan nümayəndə heyəti “Claas”, “Limken”, “Lindsay”, “Amazone” kimi nəhəng şirkətlərin ofislərində görüşlər keçirərək, Azərbaycanda aqrar sahədə həyata keçirilən islahatlar, dövlət dəstək mexanizmləri haqqında geniş təqdimatlarla çıxış ediblər. Eyni zamanda, ən son elmi-texniki yeniliklərlə yaxından tanış olaraq xarici şirkətləri ölkəmizin aqrar sektoruna investisiya qoymağa dəvət ediblər. Müzakirələrdə vurğulanıb ki, Azərbaycan Cənubi Qafqaz bölgəsində sürətli inkişaf edən gənc ölkə kimi texnoloji yeniliklərin tətbiqində maraqlıdır və hər il bu sahəyə ayrılan vəsaitlərin həcmi artır.
Adıçəkilən beynəlxalq şirkət nümayəndələri qeyd ediblər ki, son illər Azərbaycanda dövlət səviyyəsində qeyri-neft sektoruna göstərilən diqqət və qayğı, bu sahəyə böyük həcmdə investisiyaların cəlb edilməsi onlar tərəfindən maraqla qarşılanır. Qeyd olunub ki, bu şirkətlərin ölkəmizdə gələcək fəaliyyətləri üçün əlverişli biznes mühiti formalaşıb. Müzakirələrdə beynəlxalq şirkətlərlə Azərbaycanda fermer və digər istehsalçılar üçün tələb olunan texnika və avadanlıqların satış mərkəzlərinin təşkil olunması, aqrotexniki xidmət sisteminin qurulması ideyası müzakirə edilib, “Claas” şirkətinin Azərbaycandakı nümayəndəliyi olan “4S” şirkəti ilə birgə əməkdaşlıq məsələləri qərara alınıb. Sərginin təşkilatçıları ilə keçirilmiş müzakirədə Azərbaycan şirkətlərinin bu cür sərgilərdə fəal iştirakı, səmərəli biznes əlaqələrinin qurulması haqqında razılıq əldə olunub.