Pekində Çinin nəqliyyat-logistika şirkətləri ilə əməkdaşlıq müzakirə edilib İqtisadiyyat

Pekində Çinin nəqliyyat-logistika şirkətləri ilə əməkdaşlıq müzakirə edilib

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin nümayəndə heyətinin Çinə səfəri çərçivəsində Pekində bu ölkənin aparıcı nəqliyyat və logistika şirkətlərinin rəhbərləri ilə görüşlərdə əməkdaşlıq məsələləri müzakirə olunub. QSC-nin baş direktoru Taleh Ziyadov "China Merchants Group", "Sinotrans Overseas", "MCC International Incorporation" və "Shanghai Ace Investment and Development" şirkətlərinin rəhbərləri ilə görüşlərdə limanın fəaliyyəti, iş prinsipləri və imkanları, Azərbaycanın nəqliyyat-logistika infrastrukturunun vacib hissəsi olan Bakı limanının beynəlxalq yükdaşımalardakı rolu barədə məlumat verib. Bildirib ki, Avrasiyanın mərkəzində yerləşən Bakı limanı Avropa İttifaqı ilə Mərkəzi Asiya və Çin arasında körpü rolunu oynayır.
Qeyd edək ki, "Fortune Global 500" siyahısında yer alan 146 yaşlı "China Merchants Group" liman idarəçiliyi üzrə lider şirkətlərdən biridir. Logistika xidmətləri üzrə ixtisaslaşan "Sinotrans Overseas" şirkətinin 25 minədək işçisi var. "Shanghai Ace Investment and Development" irihəcmli anbarların inşası və idarə edilməsi, "MCC International Incorporation" isə böyük inşaat layihələri və sənaye sahələri üzrə ixtisaslaşmış qabaqcıl şirkətlərdir.