Mərakeş Azərbaycanın kənd təsərrüfatına maraq göstərir İqtisadiyyat

Mərakeş Azərbaycanın kənd təsərrüfatına maraq göstərir

Mərakeş Azərbaycanın kənd təsərrüfatına maraq göstərir.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, Mərakeş Krallığının ölkəmizdəki səfiri Adil Embarş “Aqrar Tədarük və Təchizat” ASC-nin dəstəyi ilə aqrar sektorda çalışan sahibkarlarla görüşüb. Görüş zamanı iki ölkə arasında ixrac imkanlarının artırılması və aqrar sahədə mümkün əməkdaşlığın perspektivləri barədə məlumat verilib, fikir mübadiləsi aparılıb.
Səfir Mərakeş ilə əməkdaşlığın faydalarından və digər ölkələrlə qarşılıqlı iqtisadi əlaqələrindən bəhs edib. Mərakeşin dünyanın bir sıra ölkələri ilə əməkdaşlıq etməkdə maraqlı olduğunu qeyd edən A.Embarş Avropa İttifaqı, ABŞ, Türkiyə və ərəb ölkələri ilə sərbəst ticarət sazişinin imzalandığını xatırladıb.
O bildirib ki, Mərakeş Afrika qitəsinə investisiya edən ilk ölkədir. Bununla yanaşı, səfir dünya üzrə 186 liman və 77 ölkə ilə əməkdaşlıq edən Tanger Med limanının əhəmiyyətindən və əməkdaşlıq imkanlarından danışıb.
Görüşdə bu il aprelin 14-19-da Mərakeşdə baş tutacaq XV Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi (SIAM) barədə də məlumat verilib. Qeyd edilib ki, 2006-cı ildə Kral VI Məhəmmədin təşəbbüsü ilə keçirilən bu sərgi Afrikanın ən geniş sərgisidir. Bu baxımdan, sərginin Azərbaycanın aqrar istehsalçılar üçün önəmi vurğulanıb və bildirilib ki, SIAM yerli istehsalçılara yeni bazarlara çıxmaq və dünyanın bir sıra ölkələri ilə əməkdaşlıq etməyə imkan yaradır.
“Aqrar Tədarük və Təchizat” ASC-nin idarə heyətinin üzvü Sərxan Sərxanov təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib, sərgidə iştirak etmək istəyən yerli aqrar istehsalçılarına iştirak ilə bağlı hərtərəfli köməklik etməkdə hazır olduqlarını vurğulayıb.
Qeyd edək ki, “Aqrar Tədarük və Təchizat” ASC Prezident İlham Əliyevin 2018-ci il 14 dekabr tarixli sərəncamı ilə “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin bazasında yaradılıb. Cəmiyyətin əsas məqsədi dövlət satınalan təşkilatların sifarişi əsasında ərzaq və kənd təsərrüfatı məhsullarının tədarük və təchizatını həyata keçirmək, kənd təsərrüfatı məhsullarının istehsalını və yaxud emalını stimullaşdırmaq, kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafını təmin etmək, regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaqdan ibarətdir.