Dövlət-özəl sektor tərəfdaşlığı üzrə konseptual çərçivə sənədi İqtisadiyyat

Dövlət-özəl sektor tərəfdaşlığı üzrə konseptual çərçivə sənədi

Dövlət-özəl sektor tərəfdaşlığı (DÖST) layihələrinin təşviqi və dəstəklənməsi Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) fəaliyyət istiqamətlərindəndir. Agentlikdən verilən məlumata görə, KOBİA tərəfindən bu sahənin inkişafı və layihələrin effektiv həyata keçirilməsi üçün qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla hüquqi və institusional çərçivənin dəstəklənməsi üzrə tədbirlər həyata keçirilir.
Yanvarın 24-də Bakı Biznes Mərkəzində KOBİA-nın təşkilatçılığı ilə dövlət-özəl sektor tərəfdaşlığı üzrə konseptual çərçivə sənədi layihəsinin təqdimatı keçirilib. Aidiyyəti dövlət qurumlarının və ölkəmizdə DÖST layihələrinin reallaşdırılmasında iştirak edəcək maraqlı tərəflərin, eləcə də Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Bakı ofisinin rəhbəri İvana Duartenin iştirakı ilə təşkil olunmuş tədbirdə beynəlxalq ekpertlər tərəfindən konseptual çərçivə sənədi, DÖST layihələrinin mahiyyəti və əhəmiyyəti barədə ətraflı məlumat verilib.
Qeyd olunub ki, bu sənəd AYİB-in dəstəyi ilə qabaqcıl ölkələrin təcrübəsi nəzərə alnmaqla beynəlxalq ekspertlər tərəfindən hazırlanıb. Sənəddə DÖST layihələrinin hazırlanması, əsas prinsipləri, bu sahədə hüquqi və institusional çərçivə, layihələrin icra mexanizmi və qiymətləndirmə meyarları əks olunub.
Tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov DÖST modelinin iqtisadiyyatın fərqli sahələrində tətbiqinin strateji yol xəritələrində də öz əksini tapdığını, dövlət-özəl sektor tərəfdaşlığı layihələrinin təşviqi və dəstəklənməsi sahəsində sistemli fəaliyyətin təmin edilməsi məqsədilə Agentliyin strukturunda Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzinin yaradıldığını qeyd edib, belə layihələrin kiçik və orta biznesin inkişafı üçün də yeni bazarlar və imkanlar yaratdığını diqqətə çatdırıb.