Vergi orqanlarına daxil olan müraciətlər İqtisadiyyat

Vergi orqanlarına daxil olan müraciətlər

2019-cu ildə vergi orqanlarına 233 min 193 müraciət daxil olub. Vergilər Nazirliyi xəbər verir ki, onlardan 93 faizi ərizə, 6,9 faizi şikayət, 0,1 faizi təklif olub, 683 müraciətin icrası xüsusi nəzarətə götürülüb. Baxılan müraciətlərdən 79,3 faizi tam, 0,2 faizi qismən müsbət həll olunub,18,4 faizi barədə müvafiq izahatlar verilib, 0,8 faizi əsassız sayılıb, 0,4 faizi isə aidiyyəti üzrə göndərilib, 1,2 faizi icradadır.
Ötən il vətəndaşlar Vergilər Nazirliyinə əsasən vergi mükəlləfiyyətinin dəyişdirilməsi, vergiödəyicisinin qeydiyyatı ilə bağlı arayışların verilməsi, vergi və sosial sığorta haqları üzrə borclar, kameral vergi yoxlamaları ilə bağlı müraciət ediblər. 2019-cu ildə nazirliyin aparatına 27 min 70 müraciət daxil olub. Daxil olan müraciətlərdən 50,5 faizi ərizə, 48,5 faizi şikayət, 1 faizi təklif olub. 54 müraciətin icrası xüsusi nəzarətə götürülüb.
Keçən il vergi orqanlarının aidiyyəti struktur bölmələrinin və vahidlərinin rəhbərləri və digər vəzifəli şəxsləri tərəfindən ümumilikdə 7976 vətəndaş qəbul edilib. Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həll olunması üçün lazımi tədbirlər görülüb.
Vergilər Nazirliyinin aparatında qəbul edilmiş 1.713 vətəndaşın müraciətindən 413-ü vergi orqanlarında işə qəbul olunma və iş yerinin dəyişdirilməsi, 338-i ƏDV, 112-si səyyar vergi yoxlaması, 107-si vergi borcları, 103-ü ölkə sərhədlərindən çıxışına qoyulmuş məhdudiyyət, 73-ü kameral vergi yoxlaması, 48-i vergidən yayınma halları, 45-i vergi qanunvericiliyinin tətbiqi, 19-u vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 11-i operativ vergi nəzarəti tədbirləri ilə bağlı olub. Xatırladaq ki, Vergilər naziri və onun müavinləri tərəfindən il ərzində müxtəlif şəhər və rayonlarda 249 vətəndaş qəbul edilib.